Gözəllik salonları ilə bağlı VACİB XƏBƏR - Bunları etmək olmaz - VİDEO
28-05-2022, 23:30

Botoks, dolğu, üz cavanlaşması, burun kiçiltmə və bu kimi kosmetoloji prosedurlar. Bu xidmətlər təkcə tibb müəssisələrində yox, gözəllik salonlarında da var.

Klinikalarda çalışan kosmetoloqlardan tibbi sertifikat tələb olunduğu halda, əksər gözəllik mərkəzlərində buna ehtiyac duyulmur.

Tibbi sertifikat və ya diplom olmadığı halda gözəllik mərkəzlərində belə prosedurların həyata keçirilməsi nə qədər etibarlıdır? Həkim-kosmetoloq Rəna Ocaqova bildirir ki, yalnız masaj, baxım və buna oxşar xidmətlərin göstərilməsi təhlükəli hesab olunmur. Amma iynə ilə edilən prosedurların belə yerlərdə həyata keçirilməsi yolverilməzdir.

Rəna Ocaqova deyir ki, gözəllik salonlarına müraciətin daha çox olmasının səbəbi qiymətdir. Həkim-kosmetoloq həmçinin bildirir ki, gözəllik salonlarında xidməti göstərməzdən əvvəl şəxsin sağlamlığı ilə bağlı yoxlanış da aparılmır.

Elə xanımlar arasında keçirdiyimiz sorğunun da nəticəsi deyilənləri təsdiqləyir. Onlar bildirirlər ki, belə prosedurlar üçün gözəllik mərkəzləri elə də etibarlı deyil.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli bildirir ki, aidiyyəti qurumlar belə müəssisələrdə yoxlamalar aparmalıdır.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Esmira Əkbərova da "Xəbər Ertəsi"nə bildirdi ki, invaziv yolla, yəni daxilə nüfuzla edilən prosedurları reallaşdıran şəxs həkim olmalıdır. Bu həkim-kosmetoloqlar da mütləq sertifikasiyadan keçirilməlidir. Lisenziyasız fəaliyyət gösətərn bu cür mərkəzlərədə yoxlamalar isə yalnız vətəndaş şikayəti əsasında aparılır.

AZİNFORM.AZ





up