“Söz israfçılığı Azərbaycan mətbuatına çürük jurnalistlərin gəlməsinə səbəb olur”.
Bunu “Yeni Sabah”a yazıçı Seyran Səxavət deyib.
O, hazırkı jurnalistlərin fəaliyyətini sərt şəkildə qınayıb:
“Biz millət olaraq hər sahədə israfçılığa yol veririk. İstər toy-yas məclislərində, istər and içəndə... Jurnalistikada bu belədir. Adam tanıyıram ki, 12 imamın adına birdən and içir. Axı nəyə lazımdır? Bu söz israfçılığıdır. Ancaq söz meydanında ən böyük israfçılığı jurnalistlər edir. Xəbərlərə baxıram. Aparıcı təqdim edir ki, müxbir flankəslə danışıb. Lap yaxşı. Sonra görürsən ki, sujetdə də eyni sözləri deyir. Çox böyük israfdır”.
Yazıçı bildirir ki, indi çox jurnalist adi xəbər belə yaza bilmir:
“Azərbaycanda jurnalistika sıfırdan bir az aşağı yerdədir. Azərbaycan jurnalistikası mənim üçün yoxdur. İndiki jurnalistlər adicə bir xəbər yaza bilmirlər. Xəbər yazmaq çox çətin işdir. Bir çox jurnalist bunu nəzərə almır. Bütün bunları 20 illik jurnalist fəalliyətimə əsaslanaraq deyirəm. İstənilən şəxslə də bu barədə müzakirə apara bilərəm. Mən sözün çəkisini, zəhmini və qüdrətini bilən bir adam kimi bunu deyirəm”.
AZİNFORM.AZ