Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb, bəzi yerlərdə yağış, qar yağıb.
Bu barədə AZİNFORM.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 10-u saat 14:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.5 metrdir.
Bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur. Qərb küləyi Zaqatala rayonun yüksək dağlıq ərazilərində 34 m/s-dək güclənib, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dir. Gəncə, Goranboy, Altıağac, Bərdə, Qobustan, Tərtər, Quba, Şabranda külək zəifləyib.
Zaqatala, Qax, Şəkidə arabir yağış, Şahdağda və Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə arabir qar yağıb.