DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Səbail rayon DYP əməkdaşları ilə birgə rayon ərazisində profilaktik tədbirlər keçirməyə davam edir.
AZİNFORM.AZ xəbər verir ki, təşkil olunan tədbir zamanı yaxınlıqda yerləşən yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Cari ilin 9 ayı ərzində tək Səbail rayonu ərazisində qayda pozuntusuna yol verən 835 piyada inzibati məsuliyyətə cəlb edilsə də, təəssüflər olsun ki, piyada məsuliyyətsizliyi yenə də qalmaqda və bu məsuliyyətsizlik ölümlərə səbəb olmaqdadır.
Bununla yanaşı, öz həyat və sağlamlıqlarına biganə yanaşaraq inzibati xətalara yol verən şəxslərin diqqətinə çatdırılıb ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat, sürət həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yollarda isə 40 manat məbləğində inzibati cərimə tətbiq olunur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadaları yollarda məsuliyyətli olmağa və qaydalara ciddi riayət etməyə çağırır.
AZİNFORM.AZ