Gələn il pensiyalar 11% artacaq. Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Bu xəbərdən sonra hər kəsi maraqlandıran bir sual var: Pensiyalar artarsa, qiymətlər də qalxacaqmı?
AZİNFORM.AZ bildirir ki, məsələni Yenisabah.az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırkı iqtisadi mühitdə qiymətlərin ucuzlaşması qeyri-mümkündür:
"Azərbaycanda 20 ildir ki, qiymət artımı dayanmayıb, məhsulların qiymətində azalma olmayıb. Bu proses bu gün də var və gələcəkdə də davam edəcək, çünki bu prosesi qaynaqlandıran bizim iqtisadi siyasətimizdir. Biz nə qədər ki, iqtisadi siyasətimizi dəyişməmişik, qiymət artımı dayanmayacaq. Qiymət artımını tətikləyən əsas məqam ölkədəki inhisarçılıqdır. İnhisarçılıqdan dolayı ölkəmizdə istehsal potensialı azalır. Dəmir torpağa düşəndə necə ki, korroziya onu yeyir, inhisarçılıq da onun kimi iqtisadiyyatı yavaş-yavaş "yeyir". İnhisarçılıq istehsalçıları sıradan çıxarır, onları udur, rəqabət mühitini sıfıra endirir. Bazar iqtisadiyyatında isə rəqabət mühiti yoxdursa, deməli, iqtisadiyyat çöküşə gedir. İstehsal sahəsini təhlil etsəniz görəcəksiniz ki, ilbəil azalma gedir, artım yoxdur. Artım yalnız Azərbaycan Statistika Komitəsinin rəqəmlərindədir, reallıqda artım yoxdur. Əgər artım yoxdursa, ilbəil daha da idxaldan asılı vəziyyətə düşürüksə, deməli, bizdə məhsulların qiyməti bu proses dayanmayana qədər heç vaxt ucuzlaşmayacaq. Nə də keyfiyyət artmayacaq. Rəqabət bazarda həm ədalətli qiyməti müəyyən edir, həm də keyfiyyəti yüksəldir. Bu isə bizdə yoxdur".
Ekspert pensiyaların nə qədər artacağının orta aylıq əməkhaqqıdan asılı olduğunu bildirib:
"Hələ ki, bilmək olmaz pensiyalar 11%, 12% yoxsa 10% faiz artacaq. Bu, ilin sonunda orta aylıq əməkhaqqının artım tempindən asılıdır. Bu ilin yanvar ayının 1-dən, dekabrın 31-nə qədər orta aylıq əməkhaqqı nə qədər artıbsa, əmək pensiyaları da bir o qədər artacaq. Digər pensiyalar haqda bunu demək olmaz, bu artım yalnız əmək pensiyalarına aiddir. Digər məvacibləri artırmaq isə Azərbaycan hökumətinin qərarından asılıdır".