Müasir dövrümüzdə qiymətli daşlar elektron tərəzilərdə ölçülür və ölçü vahidi olaraq da karat qəbul edilib. Bəs keçmişdə daş-qaşları necə ölçürdülər, karat nədir, niyə məhz karat etalon hesab edilib?
AZİNFORM.AZ lent.az-a istinadən bildirir ki, "Belə yaranıb" rubrikasında bu barədə məlumatı təqdim edir.
Qədim dövrlərdə insanlar qiymətli daşların ölçü vahidi kimi keçi buynuzu (Ceratonia siliqua) ağacının meyvəsinin tumlarından istifadə edirdilər. Bu toxumların hər biri stabil olaraq eyni forma və ağırlıqda olurdu. Keçi buynuzunun bu meyvələrinə latın dilində karat deyirdilər. Bir toxum, 0,19 qrama bərabər idi.
Əvvəllər karatın ağırlığı ilə yalnız daş-qaşları deyil, tibbi preparatları, dərman məhsullarını hazırlayırdılar. Başqa sözlə, əczaçıların ölçü vahidi də karat idi. İndi karatdan qat-qat kiçik ölçü vahidlərini hesablayan elektron tərəzilər yaradılıb və karatı da yuvarlaq olaraq 0,20 qram elan ediblər.
Maraqlı bir fakt odur ki, qızıl və qiymətli daşlar üçün karat fərqli anlayışlar verir. Qarışığı olmayan təmiz qızıl ərintisi 24 karat və ya 999 əyar hesab edilir.
Tərkibində 50% qarışım olan qızıl külçələr isə 12 karat hesab olunur.