Cavanşir Paşazadədən şeyxin qaz pulu ödəmədiyi barədə deyilənlərə MÜNASİBƏT
24-05-2022, 17:17

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 15 ildir qaz pulu ödəmirmiş”.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı Xural TV-nin “Siyasət meydanı” verilişində deyib.

Onun sözlərinə görə, “Azəriqaz” əməkdaşları Şeyxin Nərimanov rayonundakı villasında reyd keçirərək, qeyri-qanuni qaz xətləri aşkarlayıblar. Təbii ki, onlar ləğv olunub. Bilmirəm buna görə cərimə yazılıb, ya yox. Amma aldığım məlumata görə, bu qeyri-qanuni xətlər 15 ildir var”.

Ə.Zeynallı QMİ sədrinin villasında aylıq qaz sərfiyyatının 3-5 min manat aralığında olduğunu öyrəndiyini də deyib.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən şeyxin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə onların həyətlərində heç bir evdə reyd keçirilmədiyini deyib. Onun sözlərinə görə, orada şeyxin iqamətgahı ilə yanaşı ailə üzvlərinə məxsus bir neçə ev var: “Ailə üzvlərimizə məxsus o evlərin hər birinin ayrı-ayrılıqda  sayğacı var. Hər yerdə olduğu kimi, bizim də evlərin sayğacları ayda bir dəfə oxunur, sərfiyyatın pulu ödənilir”.

C.Paşazadə Azərbaycanda ayda 5 min manat dəyərində qaz işlədən ev olduğuna inanmadığını da vurğulayıb.





up