DYP sürücüləri yenidən pərdəyə görə cəriməliyir? - AÇIQLAMA
23-05-2022, 19:57

Vətəndaş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisindən narazıdır.

Natiq Rzayev adlı şəxs polisin ona pərdəyə görə, 150 manat cərimə yazdığını iddia edib.

AZİNFORM.AZ xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, son vaxtlar sürücülər avtomobillərə sərt, elastik çərçivəsi olan pərdələr quraşdırırlar:

"Bu, yolverilməzdir. Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir, küləyə qarşı qabaq və küləyə qarşı olmayan digər şüşələrə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi isə qadağandır. Vətəndaşın konkret şikayəti varsa, bizə onlayn şəkildə müraciət etsin və məsələ araşdırılsın".

Qeyd edək ki, DYP-nin yaydığı məlumata görə, ölkəmizdə tətbiq olunan standartın tələbinə əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75%-dən, küləyə qarşı olmayan digər yan şüşələr üçün isə 70%-dən aşağı olmamalıdır.





up