Şimal qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti yağıntılı olub, şimşək çaxıb, dolu düşüb, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə isə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. “Qeyri-sabit yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. İyunun 1-i və 2-də gecə və səhər saatlarında yağıntılarda qısa müddətli fasilə olsa da, gündüz saatlarında arabir yağış yağacaq”.
AZİNFORM.AZ xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub:
“Yağan intensiv xarakterli yağışlarla əlaqədar çaylarda sululuq artıb, bəzi dağ çaylarında isə qısa müddətə sel keçib. Bəzi rayonlarda yağıntının miqdarı 28-45 mm-dək qeydə alınıb ki, bu da aylıq normanın 50-60 faizini təşkil edir. Mayın 31-də Qazax, Şəmkir, Balakən rayonlarına dolu düşüb. Dolunun diametri 12 mm-dək qeydə alınıb. Güclü şimal-qərb küləyi bəzi bölgələrdə 24-28 m saniyəyədək güclənib”.