Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.
AZİNFORM.AZ xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Hazırda qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1 000 manatadək məbləğdə, vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 395.1-2-ci maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranacaq.
Qeyd edək ki, məlumatlandırma icraatı tələb olunan tikinti obyektləri sırasına Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evləri də daxildir.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə də cərimə müəyyənləşir.
Layihəyə əsasən, dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək cərimə ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib (apa).