Beləliklə, özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan baza hesab edilir. Bəziləri düşünür ki, özəl fondlar dövlətin sosial yükünün müəyyən dərəcədə azalmasına gətirib çıxara bilər.
Azərbaycanda özəl pensiya fondlarının yaradılması nə vəd edir?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov bildirib ki, özəl pensiya fondunun yaranması əhaliyə müsbət təsir edə bilər:
"Özəl pensiya fondları dünya praktikasında mövcuddur. Bu fondun yaradılması pensiyanın verilməsində rəqabət mühiti yaradacaq. İkinci fondun yaranması vətəndaşlarımızın xeyrinə ola biləcək hadisədir. Doğrudur, fondun əhaliyə hansı faydaları verəcəyi, dövlət fondundan nəyi ilə fərqlənəcəyi onun yaradılıb nizamnaməsinin qəbul edilməsindən sonra məlum olacaq. Ümumilikdə isə mən bunun əhaliyə ancaq müsbət təsirinin olacağını düşünürəm", - o qeyd edib.
Deputat özəl fondların vətəndaşlar üçün hansı üstünlüklər yaradacağından da danışıb.
"Vətəndaşlar üçün bu yaxşı olacaq. Vətəndaşlar ehtiyyatlarının hansı fondda saxlamaq kimi bir seçimi olacaq. Əlbəttə, üstünlük, yenilik olmasa, vətəndaşın xeyrinə uyğun addım atılmasa, əlbəttə fondun qurulması müsbət effekt verməyə bilər”, - Aqil Məmmədov deyib.
İqtisadçı ekspert Akif Nəsirli vurğulayıb ki, dünyanın inkişaf etmiş ölkələrində özəl pensiya fondları mövcuddur:
"Özəl pensiya fondu dünyanın inkişaf etmiş ölkələrində - Yeni Zelandiyada, Norveçdə, Fransada tətbiq edilir. Ümumiyyətlə Avropanın əksər ölkələrində belə fond var. Azərbaycanda da 2006-cı ildə pensiya islahatı proqramı tətbiq olundu. Ardıcıl olaraq, bu proqram 2017-ci ilin 1 iyuluna qədər davam etdirildi. Həmin o layihədə özəl pensiya fondlarının yaradılması nəzərədə tutulmuşdu. Özəl pensiya fondlarının yaradılması üçün sığortadan əlavə yığım olmalıdır. Sistem belə qurulub ki, əmək qabiliyyətli əhali işləyib pensiyaçıları saxlayır. 2006-cı ilə qədər onsuz da bu sistem bizdə fəaliyyət göstərib. 2006-cı ildə bundan imtina edildi. Əmək qabiliyyətli əhali işləyib pensiyaçıları saxlamayacaq. Hər bir şəxs işləyib özünə layiqli pensiya qazanacaqdı. Vətəndaşları xüsusi hesablarında özlərinə pensiya kapitalı yığacaq və həmin pensiya kapitalı həm sığortalanacaq, həm də indeksasiya ediləcəkdi. 11 il bu adla guya islahatları davam etdirdilər. 2017-ci ildə ona son qoyulub, əvvəlki sistemə keçildi. Biz yenə əvvəlki sistemdəyik. Yəni işləyən əhali pensiyaçıları saxlayır”.
İqtisadçı yeni fondun yaranması üçün bir sıra amillərə ehtiyac olduğunu düşünür:
“Bizdə hər işləyən insana 3 pensiyaçı düşür. Ona görə də biz pensiyaların məbləğini artıra bilmirik. Özəl pensiya fondunun yaradılması üçün işləyən vətəndaşların adına fərdi uçot hesabı olmalıdır. Vətəndaş oraya pensiya kapitalını yığmalıdır. Belə olanda şəxsin layiqli pensiya alması əmək qabiliyyətli əhalinin gəlirlərindən və sayından asılı olmur. İndiki sistemdə burada asılılıq var. Bu gün 5 pensiyaçıya bir işçi düşür. Ona görə də, onun qazandığı, ödədiyi sığorta bizə layiqli ahıl həyatı yaşamağa imkan vermir. 330-350 manat pensiya alırıq. Fərdi uçotda hər kəs özü üçün işləyir və layiqli pensiya qazanır. Hazırda 25 faiz sığorta ödəyirik. Həmin 25%-i vətəndaş daha sığorta kapitalı kimi ödəmir. Bunu pensiya kapitalı üçün ödəyir. Hər il də həmin pensiya kapitalı inflyasiyaya uyğun indeksasiya olunur. İndi pensiya məbləğləri əməkhaqqının artım tempinə uyğun indeksasiya edilir. Ancaq fərdi uçotda yığılan vəsait inflyasiya səviyyəsinə uyğun indeksasiya olunur. Bu il inflyasiya 10 faizdir və mənim orada 10 min manatım varsa, onun üstünə mütləq 1000 manat gəlməlidir ki, real alıcılıq qabiliyyəti saxlanılsın. Hökumət bu sistemə keçməlidir. Ondan sonra Özəl Pensiya Fondlarının yaranması mümkündür. Yəni mən hökumətə nəsə ödəmirəm. İşə girən zaman vətəndaş müqavilədə Sosial Müdafiə Fonduna ödədiyi məbləği özəl fodna ödəmək üçün xahiş edir. Belə olan halda təqaüd yaşım çatanda dövlət mənə pensiya verməyə məcbur olmur”.
Ekspert bu mövzuda dövlətin müəyyən öhdəliklərinin olduğunu qeyd edib.
“Həm dövlət, həm də özəl fonda bazanı hökumət verir. Vətəndaş özü seçim edir. Bu da pensiyanın ödənilməsi sistemində rəqabət forması yaradır. Dövlət fondu ilə özəl fond arasında rəqabət yaranır ki, bu da bazar iqtisadiyyatının prinsiplərinə tam olaraq uyğundur. Bunu mümkün etmək üçün müəyyən problemlərin həllinə ehtiyac var. Ən əsas da özəl sektorun inkişafına yaradılan şərait daha da genişləməlidir”, - Akif Nəsirli bildirib.