Azərbaycanda çəkilən bu görüntü böyük marağa səbəb oldu - VİDEO
19-05-2022, 18:00

Lerikdə toy günündə gəlin gətirməyə gedən qonaqlar yolda qalıblar. Hadisə bir neçə gün bundan əvvəl baş verib. Bobla kəndinin yolu yağışlardan sonra elə vəziyyətə düşüb ki, avtomobillərin hərəkəti mümkünsüz olub. Təbii ki, əlamətdar gündə saatlarla yolda qalmaq olmazdı. Ona görə də qonaqların bir qismi palçıqla dolu yolu açmağa başlayıb. Arzuolunmaz vəziyyət qonaqların qanını qaraltsa da, onlar rəqs edərək stress atıblar. Düzdür, qonaqlar müvəqqəti olaraq yolu açmaqla yollarına davam ediblər. Bəs problem nə zaman tam həll ediləcək?

AZİNFORM.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, bəziləri qol-qaldırıb oynayırlar, bəziləri isə yararsız vəziyyətdə olan yolu açırlar

Gəlin gətirməyə gedən avtomobil karvanı yolda qalıb. Ortaya belə mənzərə çıxıb. Görüntülər Lerik rayonundandır.

Bobla kənd sakinləri əlamətdar gündə çətin vəziyyətə düşüblər. Toy günündə saatlarla vaxt itirməkdənsə, yolda xırda təmir işləri aparmağa qərar veriblər. Qonaqların bir qismi isə oynayaraq onlarda xoş əhval-ruhiyyə yaradıblar. Müxtəlif alətlərlə şən musiqilər ifa edilib, operatorlar da həmin anları lentə alıblar.

Sakinlərin sözlərinə görə kəndə gedən yol xüsusilə yağıntılı günlərdə keçilməz olur.

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, 25 kilometrlik Piran-Bürsulum-Bobla yolunun tikintisi ilə bağlı müvafiq sənədlər hazırlanaraq İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə, o cümlədən Avtomobil Yolları Dövlət Agentliyinə təqdim olunub. Sözügedən yol üzərində 10 yaşayış məntəqəsi yerləşir. ''Qarşıdakı illərdə dövlət tərəfindən maliyyə vəsaiti ayrıldıqdan sonra yol tikintisi həyata keçiriləcək''- deyə o əlavə edib.





up