Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi mayın 1-də başa çatırdı. Karantin rejiminin uzadılması o deməkdir ki, Azərbaycanın qurur sərhədləri yenə də açılmayacaq.
AZİNFORM.AZ-ın məlumatına görə, politoloq Vasif Əfəndi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, quru sərhədlərinin açılmaması ilk növbədə mənəvi düşkünlük yaradıb.
“Covid -19 pandemiyası artıq rəsmən bitib və dünyanın hər yerində sərhədlər açılıb. Karantin rejiminin davam etməsi Azərbaycan vətəndaşlarının kasıb və orta sinfinə "öldürücü" zərbədir. İmkanlı və zənginlər təyyarə ilə istədikləri zamanda və istiqamətdə hərəkət edə bilirlər. Kasıb insanlardan fərqli olaraq onlar üçün dərman, xəstəlik, müalicə, müayinə, təhsil məsələləri problemləri yoxdur. Ağır xəstəlikdən əziyyət çəkən kasıblar od tutub yanan Azərbaycan klinikalarında müalicə oluna bilmirlər. Dərmanlar fantastik bahadır. Nisbətən ucuz müalicə və müayinə üçün Gürcüstan, Türkiyə və Rusiyaya üz tutan xəstələr hazırda çarəsiz və ölümə məhkum vəziyyətdədirlər”,- deyə politoloq bildirib.
Vasif Əfəndi hesab edir ki, icbari tibbi sığorta yarıtmazdır. Onun sözlərinə görə, bu xidmət nisbətən ucuz və professional olmayan həkimlərə həvalə edilir. Sığortadan bəhrələnmək üçün süni əngəllərlə üzləşən vətəndaşlar ya vaxtı keçəndən sonra əməliyyat olunurlar ya da ümumiyyətlə imtina edilir.
“Gürcüstan və Rusiyadan quru yolla xırda ticarətlə məşğul olan insanlar da birdəfəlik olaraq gəlirlərindən məhrum olublar. Belə insanların sayı onminlərlədir. Bir sözlə quru sərhədlərinin açılmaması Azərbaycan xalqının kasıb təbəqəsinə qarşı olan həm psixoloji-mənəvi həm də fiziki maddi qərardır”-deyə politoloq əlavə edib.