Paytaxtın Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən binanın sakinləri avtomobillərini park etməyə yer tapa bilmirlər.
Məlumata görə, buna səbəb binanın zirzəmisində kifayət qədər park yerinin olmamasıdır.
Sakinlər avtomobillərini binanın qarşısındakı yolun kənarında park edirlər. Bu zaman müvafiq yol nişanının tələblərini pozduqları üçün kütləvi şəkildə cərimə olunurlar.
Sakinlərin sözlərinə görə, küçədə yerləşdirilən "dayanmaq qadağandır” nişanı onları təngə gətirib.
Onlar deyirlər ki, bina inşa olunan zaman təhlükəsizlik məqsədilə avtomobillərin saxlanmaması üçün nişan quraşdırılıb və bina hazır olduqdan sonra sökülüb.
İndi isə həmin yol nişanı yenidən quraşdırılıb. Bu səbəbdən də bina sakinləri avtomobillərini park etməyə yer tapa bilmirlər.
Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən küçədə hazırda həm parklanma, həm də ümumi nəqliyyat şəraiti baxımından problemlər mövcuddur. Bu səbəbdən də Agentliyin mütəxəssisləri tərəfindən həmin küçədə təhlillər aparılıb və nəticələrinə əsasən müvafiq layihə hazırlanır. Layihə müvafiq qurumlarla razılaşdırılandan sonra icrasına başlanacaq.