Bu gün BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin yaydığı məlumatda deyilir.
Modern.az-ın əməkdaşı əsir hərbçilərin ailələri ilə əlaqə saxlayaraq, BQXK tərəfindən onlara hansı məlumatların çatdırıldığını öyrənməyə çalışıb.
Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib ki, hələlik oğlundan məktub almayıb:
“Mənə oğlumla görüşdüklərini bildirdilər. Hüseyn məktub yazıb, amma onun məktubu hələ bizə verilməyib. Əsirlərin vəziyyəti ilə bağlı yaxın zamanda məlumat verəcəklərini qeyd etdilər. Oğluma görə çox narahatam".
Əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova yazılan məktuba inanmadığını söyləyib:
“Nümayəndə heyəti oğlumla görüşüb. Dedilər ki, yaxın günlərdə sizə oğlunuzla bağlı məlumat verəcəyik, amma onların sağlıq durumu haqda heç nə demədilər. Aqşinin bizə məktub yazdığını bildirdilər. Mən məktuba inanmıram. Şərait yaradılsın, oğlumla görüntülü danışım. Bunun üçün bir çox yerə müraciət etmişəm".
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.