“Meyxanaya niyə qulaq asmıram ki? Qarşıma çıxanda qulaq asıram. Meyxanaçıların hamısını da tanıyıram, çoxu ilə şəxsi münasibətim var...”
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə bloger Şəhriyar Nadirin “Youtube” kanalına müsahibəsində deyib.
O bildirib ki, meyxana da bir sənət növüdür: “Şanson müsiqi janrına niyə indi üstünlük verirlər? Şansonu Azərbaycanda da sevən böyük kütlə var. Bu musiqi əslində elə bir az da meyxananın fərqli forması idi. Vaxtilə şanson musiqi növünü gedib küçədə tinlərdə avara uşaqlarla oxuyurdular. Küçə musiqisinə çevrilmişdi. Sonra yenidən sənətə qaytardılar. Meyxananın, bədiyyə sənətinin də vaxtı var idi. Vaxtilə sufizmin ənənələrindən biri kimi meyxananı dərvişlər söyləyirdi. Sonra dərvişləri qoymadılar, onlar da gedib özlərinə meyxanələrdə yer tapdılar, meyxananı orada deməyə başladılar.
Meyxana deyənlərin böyük əksəriyyəti qəzəlxandır, yaxşı qəzəllər yazır. Məsələn, rəhmətlik Baba Pünhanın, Maştağalı Babanın, Vüqar Biləcərinin, Aydın Xırdalanlının gözəl qəzəlləri var. Bəlkə, indi Orxan da, Pərviz də, Allah qapısını açsın — Rəşad da, başqaları da bir az özlərini yetişdirsələr, yaxşı qəzəllər yaza bilərlər. Amma meyxana bir əyləncə növüdür. Deyə bilməzsən ki, bu sənəti toydan, insanların əyləndiyi yerdən çıxar. Çıxara bilməzsən. Rəhmətlik Turqut Özala anası demişdi ki, bu nədir, efirlərdə bayağı şeylər verirsiniz? Turqut Özal isə anasına demişdi ki, pult əlindədir, çevir başqa kanala bax. Yəni xoşuna gəlmir, meyxanaya da qulaq asma. Amma insanlara “meyxana deməyəcəksən” kimi bir qadağa qoya bilməzsən. Meyxana sadə sənət deyil, böyük hazırcavablıq, istedad istəyir. Düzdür, bayağılıq var, toy səviyyəsinə salıblar. Məsələn, Baləlinin trendə çevrilən son meyxanası “mən qara “Range Rover”əm, sən balaca “Chevrolet...” meyxanası çox bayağıdır. Bu kimi trendlər yaranıb. Hələ başqalarını demirəm. Amma bunlar toylardan çıxır, bu gün ədəbiyyat nümunəsi deyil. Hansı “otura” biləcəksə, o ədəbiyyatda da “oturaqcaq”... Məsələn, Məşədibabanın “Canan” qəzəli var: demə “canan” özünə, canan olub neyləmisən?” Aydın Xırdalanlının Qarabağla bağlı o vaxt “ANS”də dediyi meyxana var idi, Şuşada hava haqqında məlumatla bağlı deyirdi. Yaxşı və yerində olan bir şey idi, hansısa ədəbiyyat nümunəsinə çevriləcək. Ağız ədəbiyyatı belədir. Milyonlarla ağız ədəbiyyatı nümunəsi səslənir, amma biri gəlir şifahi xalq ədəbiyyatında özünə yer tutur, sonra artıq yazılı ədəbiyyatda şifahi xalq ədəbiyyatı nümunəsi kimi təqdim olunur. Əliağa Vahidin də Baləlinin dediyi meyxana kimi meyxanaları var...” /pravda.az/