O, musiqi mühitində görünməsin - İlahiyyatçıdan Seyid Talehə çağırış
17-04-2023, 18:59

Dini nəğmələr oxuyan Seyyid Taleh Boradigahinin ifalarından biri son günlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun “namaz qılan bəndədir, qılmayan şər bəndədir. Gah qılıb, gah qılmayan yeri cəhənnəmdədir” sözləri insanlar tərəfindən birmənalı qarşılanmayıb.

İlahiyyatçı Hacı Təyyar Hüseynli mövzu ilə bağlı Ölkə.Az-a açıqlamasında ifaçının sözlərini doğru hesab etmədiyini söyləyib:

“Mən Seyyid Taleh Boradigahini çoxdan tanıyıram. Uzun illər öncə mən şəhərdə axund işləyəndə o hələ öz kəndlərindən yenicə Bakıya gəlmişdi və onu heç kəs tanımırdı. O, mərsiyyələr oxuyurdu, oxşamalar deyirdi. Sonradan dini ilahi oxumağa və dini toylara getməyə başladı. Onda gördük ki, mərsiyyənin ritmik formada, hətta bir klipdə skripka ilə ifa etdi, improvizələr elədi. Onun bu addımı dini kəsim arasında bir qisim tərəfindən bəyənildi, bir qisim tərəfindən iradla qarşılandı.

“Namaz qılan bəndədir, qılmayan şər bəndədir” el aforizmidir. Yəni necə deyirlər, milli dildə folklordur. Dini əsaslı məsələ deyil. Çünki Qurani-Kərimdə deyilir ki, bir qisim namaz qılanlara vay olsun. Namaz qılan bəndədirsə, Qurani-Kərimdə nə üçün onlara “vay olsun” deyilir?!

Sonra deyir ki, namaz qılmayan şər bəndədir. Elə namaz qılmayanlar var ki, ailəsi, qohum-əqrəbası, cəmiyyəti, milləti üçün xeyli müsbət addımlar atıblar. Onlara da birbaşa qara damğa vurmaq olmaz. Qıla bilmədiyi səbəblər var və ya nə vaxtsa qılacaq. Onları indidən belə qara damğalamaq olmaz ki, qılmayan şər bəndədir.

Gah qılıb, gah qılmayanın yerinin də cəhənnəmdə olması məsələsinə gəlincə isə cəhənnəm-cənnət haqqında Allah-taala qərar verir. Bunu indidən demək doğru deyil. Yəni bu, dini əsaslı sənədli-sübutlu, dini təhsilli bilicilər, ilahiyyatçılar bu fikirdə deyil. Düşünülməmiş addımların obyektiv olmayan fikirlərin oxunan nəğmələrin təsadüfi cümlələrin axırı gəlir haqlı olaraq böyük bir etirazla qarşılanır. Ona görə məsləhət görərdim ki, o, musiqi mühitində görünməsin, cəmiyyətdə ciddi, köklü narahatlıqlar yaradan bu sözləri deməsin”, - deyə o əlavə edib.





up