Mingəçevirdə bəzi valideynlər övladlarının peyvənd olunmasına qarşı çıxırlar.
AZİNFORM.AZ yeniavaz.com-a istinadən xəbər verir ki, hətta yeni doğulan körpələrdə belə vaksinasiyanın aparılmasına imkan verilmir.
Onlar səbəb kimi vaksinlərin saxlanma şəritini və vaksindən sonra uşaqda yaranan bəzi xoşagəlməz halları göstərirlər.
Məsələyə münasibət bildirən Mingəçevir şəhər xəstəxanasının həkim pediatrı Mirzəliyeva Şövkət deyir ki, uşaq doğulduqda onun immun sistemi bir çox mikroblara müqavimət göstərə bilir, lakin onun arasında daha təhlükəli mikroblar var ki, uşaq onlara qarşı həssasdır. Peyvəndlər məhz belə mikroblara qarşı uşağın immun sistemini gücləndirmək üçün istifadə olunur:
“Uşaqlarda yoluxucu xəstəliklərin yayılmamasının qarşısını almaq məqsədi ilə profilaktik peyvəndlənmə aparılır. Profilaktik peyvəndlər tibb müəssisələrindəki işçilər tərəfindən aparılır. Profilaktik peyvəndlərə cəlb olunan uşaqlar həkim pediatr tərəfindən baxışdan keçir və müayinə olunurlar. Valideynlərdən dəqiq anamnez toplanır, anamnezdə uşaqda allergik meylin olması və keçirilən infeksiya və xəstəliklər, nevropatoloqun dispanser qeydiyyatında və nəzarətində olması kimi məsələlərə fikir verilir. Onu da qeyd edim ki, profilaktik peyvəndlər peyvənd təqviminə əsasən aparılır. İlk peyvənd uşaq doğulduqdan sonra 12 saat ərzində hepatit B xəstəliyinə qarşı aparılır”.
Həkim hesab edir ki, valideyn peyvənd etdirməməklə uşağının hüquqlarını pozur, çünki yalnız bu yolla uşaqları xəstəlikdən qorumaq mümkündür. Buna görə də ən doğru yol peyvəndlərin vaxtlı-vaxtında aparılmasıdır.
Peyvəndlərə daimi və müvəqqəti əks göstərişlərin olduğunu deyən Şövkət həkim, peyvəndlərin aparılması zamanı tibbi əks göstərişlərin nəzərə alındığını bildirib:
“Peyvənd olunan uşaq 30 dəqiqə ərzində nəzarət altında olmalıdır ki, kəskin allergik reaksiyalar baş verən zaman ona vaxtında təxirəsalınmaz yardım göstərilsin. Ona görə də valideynlərin narahat olmağına heç bir əsas yoxdur. Əslində onlar uşaqlarını peyvənddən yayındırmaqla gələcəyini təhlükə qarşısında qoyurlar”.