Bildiyimiz kimi, Azərbaycanda minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib.
Həmin qərara görə, əmək qabiliyyətli bir adamın yaşadığı mənzilin minimum sahəsi 12 kv. metr olmalıdır.
AZİNFORM.AZ xəbər verir ki, hazırda Azərbaycanda təxminən 262 min nəfərin yaşadığı mənzilin sahəsi minimum səviyyədən də 2 dəfə azadır.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, evinin yaşayış sahəsi adambaşına 5 kvadratmetrdən az olan ev təsərrüfatlarının onların ümumi sayında xüsusi çəkisi 2,6%-ə bərabərdir. Azərbaycanda təxminən 2 milyon 401 min ev təsərrüfatının olduğunu nəzərə alsaq, bu 62,4 mindən çox ailə deməkdir. Hər bir ev təsərrüfatının payına orta hesabla 4,23 nəfər düşdüyü üçün də, 262 min nəfərin yaşadığı sahə 5 kvadratmetrdən az olub.
Bundan başqa Azərbaycanda evinin damından su sızan, rütubət və nəm olan, divarlarında, döşəməsində, bünövrəsində, pəncərə şüşəsində çatlar olan 77 minə yaxın ailə var. 36 min ailənin isə evində vanna və ya duş yoxdur.
Açqılanan məlumatlarda o da qeyd olunur ki, 96 min ailənin tualetində su xətti mövcud deyil. /yeniavaz.com/