Xəbər verdiyimiz kimi, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov Səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunub.
A.Rəsulovun Əmək Məcəlləsinə əsasən, yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu deyilir.
Amma burda digər maraqlı məqam da var. Bildiyimiz kimi, Xətai rayonundakı 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Lakin baş həkim Ağahəsən Rəsulov uşaqda psixi pozğunluğun olmadığını bildirib. Bundan bir gün sonra isə o, nazirin əmri ilə vəzifəsindən azad edilib.
Məsələni dəqiqləşdirmək üçün sabiq baş həkim Ağahəsən Rəsulovla əlaqə saxlanılıb.
AZİNFORM.AZ xəbər verir ki, Bizim.Media-ya açıqlamasında o, vəzifədən azad olunduğunu təsdiqləyib:
“Səbəbini yaxşı olar ki, Səhiyyə Nazirliyindən soruşun. Bu barədə mən danışmaq istəmirəm”.
Vəzifədən azad olmasının Məhəmməd Hacıyevlə bağlı səsləndirdiyi fikirlə əlaqəli olması ilə bağlı suala isə Ağahəsən Rəsulov belə cavab verib:
“Mən uşaq haqqında nə demişəmsə, düz demişəm. Burda nə var ki, Məhəmməd Hacıyev haqqında dediklərimi yenə də təkrarlaya bilərəm ”.