Bəzi yerlərdə azyaşlıların yas mərasimlərə qatılması cəmiyyətdə birmənalı qarşılanmır. Maraqlıdır, uşaqların bu cür tədbirlərə qatılması onların psixologiyası baxımından nə dərəcədə düzgündür?
Bunun uşaqların gələcəyi, onların psixologiyasının normal inkişafı baxımından hansısa fəsadı ola bilərmi?
Ümumiyyətlə yaxınların ölümünü azyaşlılara hansı formada deməliyik? Onlara neçə yaşdan sonra ölümü başa sala bilərik?
AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, 3 yaşından böyük uşaqlara ölümü sadə dillə izah etmək olar. Lakin Azərbaycanda keçirilən yas mərasimlərində bəzən isterik hallar yaşanır və bu azyaşlılarda travma yaratdığı üçün ehtiyatlı olmaq lazımdır:
“Üç yaşından kiçik uşaqlar ölüm anlayışını dərk etmirlər. Üç yaş üstü əgər ailə içində ölüm baş verirsə nənə, baba və s. valideyinlər bunu uşağa necə izah etməkdə çətinlik çəkirlər. Dini və etik aspektlərə görə uşaq dini mərasimdə iştirak edə bilər. Amma nəzərəalsaq ki, bizim dəfn mərasimlərində saç yolma, üz cırma, tabuta hücum kimi hallar yaşanır, o zaman bilməliyik ki, bu, uşaqda dərin travma yaradır. Nəticədə ölüm dəhşət, sarsıntı, qorxu kimi şüuraltına yeriyərək reallığı qəbullanmaqda fəsadlar törədir.
Bu uşaqlar gələcəkdə itki ilə, ayrılıqla baş etməyi bacarmır. Ölümü qəbullanmır və ölüm qorxusu ilə yaşayır. Əslində bu məsələdə azərbaycanlı psixoloqlar özləri də tam əmin deyillər ki, uşaq hansı yaşda iştirak etməlidir, yaxud ümumiyyətlə, iştirakı vacibdirmi?
Qeyd etdiyim kimi, dəfn mərasimində nə baş verəcəyi məlum deyil. Hər kəs mərhumunu hörmət-izzətlə yola salmır. Reaksiyanı proqnozlaşdırmaq mümkün deyil. Bu səbəbdən düşünürəm ki, uşaq yaşlardan ölümlə bağlı nağıllar danışaraq, ölüm faktının olduğunu, real dünyanı qəbul etməyi öyrətmək gərəkdir. Və buna artıq üç yaşından başlamaq lazımdır”.
S.Bağırova qeyd edib ki, əgər uşaq yas mərasiminə getmək, mərhum yaxını ilə vidalaşmaq istəyirsə, buna mane olmaq doğru deyil:
“Əgər uşaq yas mərasiminə getmək istəmirsə, yaxud nadinclik edirsə, onu mərasimə məcbur aparmaq olmaz. Yox, əgər uşaq yaxın itkisi ilə vidalaşmaq istəyirsə, buna da mane olmaq olmaz və bunu necə düzgün edəcəyini göstərmək daha məqsədəuyğundur.
Yetişkin insanlar isə itkilərini daha səbrlə, daha mədəni şəkildə ifadə etsələr, bu, digərlərinə də travma yaşatmaz. Ölümü, yəni reallığı qəbul etməyənlər ta uşaqlıqdan psixoloji pozğunluğa sahib olan insanlardır”.