YPX əməkdaşı yaxa mikrofonu olmadan CƏRİMƏ YAZA BİLƏR? - AÇIQLAMA
17-03-2023, 16:13

Sürücülərlə Dövlət Yol Polisi əməkdaşlarının yeganə mübahisə mövzusu cərimədir. Qayda pozub məsuliyyətdən yayınmaq istəyənlər də az deyil. Bir məsəl də var ki, “heç kim öz qatığına turş demir”. 

Belə ki, sürücülər özünün haqlı olduğunu sübuta yetirmək üçün videoqeydiyyatçı, DYP əməkdaşları isə aidiyyəti üzrə formalarının üzərində yaxa mikrofonu daşıyırlar. Sosial şəbəkələrdə YPX əməkdaşlarının üzərində yaxa mikrofonu olmadan sürücüyə cərimə tətbiq etməsinin qanunsuz olduğuna dair paylaşımlar edilir. Digər hərəkət iştirakçıları isə bunu dəstəkləyirlər. 

Bəs görəsən, qanun bu barədə nə deyir? YPX əməkdaşı yaxa mikrofonu olmadan, xidmətdə tək olanda cərimə yaza bilər? 

AZİNFORM.AZ xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sualını Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli cavablandırıb. 

Onun sözlərinə görə, DYP əməkdaşı yaxa mikrofonu olmadan və ya xidmətdə tək olanda da qayda pozuntusu varsa, onu aşkarlaya, qanuni tədbirlər görə bilər:

“Əgər xidmətin təşkilində nöqsan varsa, onda onun xidməti fəaliyyəti araşdırılarkən, yəni niyə yaxa mikrofonu taxmamışdı və ya nə üçün təchiz edilməməsi ilə bağlı suallara cavabı özü ilə yanaşı, hətta xidməti təşkil edən komandirləri də məsuliyyət daşıyırlar. Sürücü isə qayda pozduğu halda əməli aşkar edilib, sübuta yetirilib və buna uyğun cərimə yazılıbsa, həmin qayda pozuntusuna görə seçilmiş qərardan narazıdırsa, məhz həmin məqama münasibət bildirməlidir.

Sürücünün etirazı yaxa mikrofonuna yox, qayda pozuntusunun aşkarlanmasına və nəticədə verilən qərara görə olmalıdır. Bu isə əsaslı arqumentlərə söykənməlidir. Bu tip digər xidməti məsələlərə isə yalnız öz münasibətini bildirə bilər. Yol Patrul Xidməti haqqında təlimatda bu barədə müvafiq qeydlər var. Təhlükəsizlik üçün ən müasir texnologiyaları ölkəmizdə ilk tətbiq edənlərdən biri də elə məhz DİN BDYP olub və sürücülərlə təması minimuma endirmək üçün, demək olar ki, bütün xidmətlərini elektronlaşdırıb. Qayda pozuntularını avtomatik rejimdə aşkarlamaqla tətbiq edirik”.

Polis mayoru bəzi intizamsız sürücülərə bu kimi primitiv suallara məsuliyyətdən yayınmaq üçün üz tutmaqdansa, intizamlı olmağı tövsiyə edib:

“Ümumiyyətlə, hərəkət iştirakçıları məsuliyyətli olmağı həyat tərzinə çevirməlidir ki, cəmiyyət üçün xeyirli olsun. Yaxa mikrofonuna gəldikdə isə, tam əksinə, ondan istifadə etmək DYP əməkdaşının öz üstünlüyü və məsuliyyətinin sığortasıdır. Amma bütün hallarda bunu sorğu-sual etmək həmin xidmət aparan əməkdaşın komandiri, rəisləri tərəfindən icazəlidir. Yol Patrul Xidməti haqqında təlimat kitabçası hamı üçün əlçatandır. Açıq sənəddir və hər yerdə satılır. DYP-nin rəsmi səhifəsində də elektron forması yerləşdirilib. Şübhəli məqamları olanlar varsa, bu sənədi oxuya bilərsiniz. Amma tövsiyə edirəm ki, daha vacib olan “Yol hərəkəti haqqında qanun”u oxuyub, tələblərə əməl edəsiniz. Məncə, bu, kiminləsə mübahisə edib, bəzən vaxt itirməkdən qat-qat daha faydalıdır. Həm də ən əsası hüquq və vəzifələrinizi bilib daha sağlam və təhlükəsiz hərəkətiniz üçün həyati əhəmiyyətlidir”.





up