Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Nəsimi rayonu "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatından sonra həmin ibadət evinə hansısa təyinat olmayıb.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.
O bildirib ki, ötən həftə həmin məscidin dini icmasının istəyi ilə Elbrus Kərimov müvəqqəti olaraq məsciddə dini ayinlərin icrasını həyata keçirib:
"Daxil olan məlumatlara əsasən, E.Kərimovun dini təhsilinin olmadığı müəyyən edilib. Bununla bağlı Dövlət Komitəsində "Məşədi Dadaş" məscidi dini icmasının üzvləri ilə görüş keçirilib, imam vəzifəsinə təyinat olanadək qanunvericiliyin tələbinə uyğun olaraq dini ali və orta ixtisas təhsili olan şəxsin müvəqqəti olaraq dini ayinləri icra etməsi tövsiyə olunub".
C.Əlifzadənin sözlərinə görə, icma tərəfindən hazırda Azərbaycan İlahiyyat İnstitutunun sonuncu kurs tələbəsi Elmir Vəliyevin dini ayinləri icra etməsinə köməklik göstərilməsi üçün müraciət edilib:
"İcmanın sosial layihələri və xeyriyyəçilik işlərinə dəstəyi barədə, həmçinin məscidə din xadiminin təyinatı və icma təsisçilərinin sırasında dəyişikliklərlə bağlı da fikir mübadiləsi aparılıb"
Qeyd edək ki, Məşədi Dadaş məscidində cümə namazını mərhum Hacı Şahin Həsənlinin tələbəsi Kərbəlayi Elmir Vəliyevin qılacağı açıqlanıb. Bundan əvvəl isə Məşədi Dadaş məscidində Hacı Şahini gənc din xadimi Elbrus Kərimovun əvəz edəcəyi haqda məlumat yayılmışdı.
Onun mədrəsə təhsilini bitirdikdən sonra İİR Əl-Mustafa Universitetində distant təhsil aldığı bildirilmişdi.