Hacı Şahinin qəbrini turizm marşrutuna salanların məqsədi nədir? - Ziyalılardan REAKSİYA
9-03-2023, 23:37

Ötən gün sosial şəbəkəlrdə yenicə dünyasının dəyişmiş ilahiyyatçı Hacı Şahinin qəbrinə ziyarət turlarının təşkil edildiyi barədə xəbərlər yayıldı. Xəbərdə ən çox diqqət çəkən məqam turların pulla təşkil edilməsidir.

Xalqın sevgisini qazanmış adamların kimlər tərəfindənsə kommersiya maraqlarına qalxan eləməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı və etirazlara səbəb oldu.

AZİNFORM.AZ 
xəbər verir ki, məsələ ilə bağlı Millət vəkili, ilahiyyatçı Ceyhun Məmmədovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bu xəbəri eşidəndə çox sarsıldığını dedi:

“Mən belə hesab edirəm ki, bunu biznesə çevirmək, bu cür addımlar atmaq düzgün deyil. Hesab edirəm ki, insanlar öz istəyiynən, sərbəst şəkildə gedib ziyarət edə bilərlər. Bunda heç bir problem yoxdur. Amma bunu kimlərinsə biznesinə çevrilməsinə yol vermək qətiyyən olmaz. Bu maraqlar siyasi də ola bilər, qeyri siyasi də.
Dünyasını dəyişmiş hər bir insana hörmət olmalıdır. Amma hansısa şəxsiyyətin bütləşdirilməsi, ona hansısa formada təqdimatların verilməsini islam qəbul etmir. Bu məsələdə diqqətli olmaq lazımdır. Allah rəhmət eləsin. O kifayət qədər tanınmış bir şəxs idi. İnsanların sevgisini qazanmışdı. Ona görə də Hacı Şahinin adına və ruhuna dinimiz nə tələb edirsə o cür də yanaşmalıyıq, hörmət bəsləməliyik”.

Xalq artisti Əbdül Mahmudovsa məsələyə daha emosional yanaşdı. Bizim.Media-ya danışarkən o dedi ki, Hacı Şahini şəxsən tanıyırdım:

“Çox gözəl də münasibətimiz vardı. Əsl mömin idi. Görün əxlaqımız nə qədər korlanıb ki, belə gözəl insanların adından da pul qazanmaq istəyirik. Deyən yoxdur ki, ay lənətə gəlmiş sənin pul hərisliyin xalqın mənəviyyatını, dünyasını dəyişmiş insanın adını və ruhunu baltalayır, təhqir edir, axı.

Bu adamın heç yeddisi çıxmayıb. Qoyun rahat uyusun də. 5 manat pul qazanasınız deyə onun ruhunu niyə narahat edirsiniz? Axı, islamda belə şeylər yoxdur. Bunlar hamısı şarlatanlıqdır. Bunlar kimlərinsə məqsədli şəkildə həyata keçirdiyi işlərdir, arxasında şərin barmağı var. Çalışırlar ki, millətin bütün dəyərlərini məhv eləsinlər”.







up