Son zamanlar təhsil müəssisələrində şagirdlər arasında dava-dalaşa meyillilik hallarının xeyli artmasıyla bağlı məlumatlar, videolar yayılır.
Şagirdlər təhsil almaq əvəzinə, sinif yoldaşlarına qarşı şiddət tətbiq edir, cinayət tərkibli hadisələr törədirlər. Onlar arasında baş verən kütləvi davalar cəmiyyət tərəfindən də böyük narahatlıq və narazılıqla qarşılanır.
Bəs görəsən buna səbəb nədir? Valideynlərin məktəblə əlaqədə olmaması bu halların artmasına səbəb ola bilərmi?
AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Mehriban Xanlarova bildirib ki, valideynlərin təhsil ocağı ilə sıx əlaqə saxlaması çox vacibdir:
“Mən öz adıma danışım ki, mənim qızım da, nəvələrim də eyni məktəbdə oxuyub. Qızım şagird olanda onun üçün, nəvələrim olduqda da onlar üçün tez-tez məktəbə baş çəkmişəm. Yasamal rayonu 31 saylı məktəbdə təhsil alırlar. Mən nənə olaraq hər dəfə məktəbə gedirəm, direktorla da, müəllimlərlə də təmasda oluram. Həmin məktəbdə iclaslar da olur və iştirak edirəm. Əgər valideyn özü səhlənkardırsa, ona övlad yaxud məktəb, müəllimlər nə etsin?
Nəvələrim oxuyan məktəblə hər zaman əlaqə saxlayıram. Nə isə olduqda da onlar mənə zəng edirlər, yaxud məktəbə çağırırlar. Məsələ haqda valideyn kimi məni mütləq xəbərdar edirlər və o məsələni müəllimlərlə, direktorla bir yerdə çözməyə çalışıram.
Bir də görürsən məktəbdə şagirdlər bir-biri ilə dalaşır, valideynlər gəlib məktəbə bir-birini qırır. Bu nəyə lazımdır? Sabah uşaqlar bir-biri ilə barışacaq, arada valideynlər qalacaq. Uşağı başa salmaq lazımdır.
Mən həmişə nəvələrimi başa salıram ki, məktəbdə nə isə olarsa, kimsə sənə təhqiramiz söz desə belə birinci müəlliminə məlumat ver. Əgər müəllim məsələni orada çözürsə, uşağa da deyirlər ki, evdə deməyin. Əgər çözülməsə, bu zaman gəl mənə, yaxud anana de.
Əvvəllər də belə olub. Biz görməmişik ki, hər xırda məsələ böyüsün, valideynlər mübahisə etsin və s.”.
Aktrisanın sözlərinə görə, bəzi valideynlər şagirdlərin təlim-tərbiyəsini təkcə məktəbin və müəllimin üzərinə düşən vəzifə hesab edir, prosesdə yaxından iştirak etmir:
“Mən həmişə müəllimlərə də deyirəm ki, mənim uşağıma öz biliyinin qiymətini ver. Əgər 2-dirsə, 2 ver. Nə olsun ki, mən Mehriban Xanlarovayam? Məşhuram deyə o demək deyil ki, uşağın qiyməti 2-dirsə, 3 yazsınlar, xeyr! Əksinə, demişəm siz 2 yazın ki, mən vaxtında uşağın üstünə düşüm, bilmədiyi nədirsə, onu öyrənsin. Mənə lazım deyil ki, uşağa 3 verib bədbəxt edəsiniz.
Valideyn özü məsuliyyətli olmalı, tez-tez məktəbə gedib övladı ilə maraqlanmalıdır. Hətta gizlin kənardan dayanıb baxmalıdır ki, oğlu, qızı dərsdən çıxandan sonra hara gedir, birbaşa evəmi gəlir? 5-6 dəfə, lap lazım olsa, 1 ay gedib uşağı kənardan izləməlidir ki, görək nə edir.
Bu mövzuda ataların o qədər də üstünə getmək lazım deyil. Atalar 1 ildə heç olmasa, 3 dəfə gedib elə belə də olsa, uşaqla maraqlanmalıdır. Ata fəhlədir, gedib işləyib evə pul gətirir. O, öz övladlarını anaya əmanət edir. Gedib ailəsinə 5-3 manat gətirir. Ona görə, gəlin, bu məsələdə ataların üstünə getməyək. Evdə ən çox məsuliyyət daşıyan anadır”.