Azərbaycanlı tanınmış professor Türkiyədə vəfat etdi
12-02-2023, 22:06

Tanınmış alim, Türkiyənin Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü,  professor Novruz Allahverdi dünyasını dəyişib.

Çoxsaylı elmi araşdırmaların və monoqrafiyaların müəllifi olan  Novruz Allahverdi  9 may 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir.

1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır.  

1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək 1979-cu ildə  texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

1992-ci ildən Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Sonuncu iş yeri KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü vəzifəsi olmuşdur.

Tanınmış alim öz vəsiyyətinə uyğun yaşadığı Konya şəhərində “Yazır” qəbirəstanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!






up