Məşhur meyxanaçı Balaəli Maştağalının Qara Qarayev prospektində dükana aptekə girmək üçün “Range Rover” markalı avtomobilini yolun hərəkət hissəsində saxlayaraq avtobusa maneə törətməsi ilə bağlı görüntüləri ciddi tənqid edilib. Təklif edilir ki, dayanma-durmaya görə cərimə 100 manat olsun. Vətəndaşlar düşünürlər ki, cərimə məbləği artırılsa, qayda pozuntusu da azalar.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Pravda.az-a açıqlamasında deyib ki, cərimə məbləğlərini artırmaq məsələlərin, problemlərin həlli üçün heç vaxt çıxış yolu olmayıb, ola da bilməz:
“Hər bir əmələ hüquqi qiymət ədalətli olmalı və qanunların, qaydaların işləməsi üçün əvvəlcə cəmiyyətdə məsuliyyət hissi düzgün şəkildə aşılanmalıdır. Geniş formada təbliğat aparmalıyıq. Təhsil, iş mühiti, cəmiyyətin bütün təbəqələri xüsusilə yol hərəkəti qaydalarının, mədəni yaşam tərzinin, təhlükəsizliyin əhəmiyyəti və mahiyyətinin dərk olunması üçün çalışmalıdır. Bəli, çətin prosesdir, razıyam, amma cəza tədbirlərini kütləviləşdirməkdənsə, qanunda təkrarçılıq hallarının qarşısını almaq üçün sərt addımlar atılmalıdır. Yəni eyni qaydanı təkrarən pozaraq qaydaları heçə sayan şəxslərə münasibətdə sərt mövqedə dayanmaq daha adildir. Bir sözlə, el dilində desək, “hər zaman qurunun oduna yaşı da yandırmaq olmaz”. Bu gün bizim əsas problemimiz eyni qaydaların təkrarən pozulmasının qarşısını almaqdır. Hamı səhv edə bilər, amma nəticə çıxarmırsa, deməli, ona da münasibət qanunda daha sərt formada nəzərdə tutulmalıdır ki, fəsadlar ağırlaşmasın və kiminsə hüququnu pozub, narazılıq yaradan şəxs tez bir zamanda islah olunsun”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov isə bildirib ki, ölkədə cərimələrin çox, yaxud az olması ilə bağlı əsasən də sosial şəbəkələrdə geniş müzakirələr gedir:
“Çəkindirmə üsullarından biri də cərimələrin yüksək olmasıdır. Amma bu, kortəbii deyil, iqtisadi imkanlara görə olmalı, hər şey nəzərə alınmalıdır. Zamanı gəldikdə Milli Məclisə belə təkliflər daxil olacaqsa, hər biri müzakirə ediləcək. Təbii ki, parlamentimiz yeni çağırışlara əsasən, yeni qanunların qəbul edilməsi, formalaşan dəyərlərə, yeni tələblərə uyğun daxil olan qanun layihələrinin müzakirə edilməsi, təkmilləşdirilməsi, qəbul edilməsi istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Hüquq sahəsində olan məsələlər, cinayət-prosessual və digər sahələrdə hüquq pozuntuları ilə bağlı, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı yeni təkliflər var. Bunların bir çoxu qəbul olunub. Son zamanlar dayanma-durma ilə bağlı cərimə məbləğinin artırılması mövzusu da aktualdır. Müzakirələrdə bir qrup insan cərimələrin artırılmasını, bir qrup insan isə indiki kimi saxlanılmasını istəyir. Ümumiyyətlə, dünya praktikası var. Avropada, Qərbdə və digər yerlərdə qanunların ağır formada, daha möhkəm işlədiyi yüz illərlə müstəqillik yaşı olan, inkişaf etmiş dövlətlər mövcuddur. Həmin ölkələrin bir çoxunun praktikasına baxanda görürük ki, bu qanunların daha oturuşmuş halda olmasının səbəbi yüksək məbləğdir. Çünki insanı çəkindirən cəhətlərdən biri də onun maliyyə tərəfdən sanksiyaya məruz qalması, sıxılmasıdır. Bu da birbaşa insan psixologiyası ilə bağlıdır. Bunu bilən hüquqşünaslar qanunları həmin ölkələrin bir çoxunda daha ağır şərtlərlə, böyük məbləğlərlə qoyublar. İnsanlar istər-istəməz çox maliyyə xərcləməmək üçün qanunlara əməl edirlər. Bu proses artıq illərlə davamlı olub və bir növ həyat tərzinə çevrilib. Yollarda hər gün avtomobil qəzaları, avtomobillərin piyadaları vurması nəticəsində insan ölümlərinin şahidiyik. Ən azı iki-üç yol qəzasında üç-dörd insan ölümü, yaxud piyadaların ölümü, yaralanmaları - bütün bunlar düşünüdürür ki, “daha nələr etməliyik ki, yol qəzalarının sayı azalasın, həm sürücülər, həm piyadalar qanunlara riayət etsinlər”. Bunların hər biri vacib məsələlərdir”.
AZİNFORM.AZ