"Operativ Qərargahın may ayının sonu, iyun ayının əvvəllərində quru sərhədləri açmaq, gediş-gəlişi bərpa etmək fikri var".
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri "cebhe.info"-ya quru sərhədlərin açılması məsələsinə münasibət bildirərkən millət vəkili Musa Quliyev deyib.
Deputat artıq sərhədləri açmağın mümkün olduğunu bildirib:
"Azərbaycanda əsasən yay ayları turizm sezonu sayılır, turistlər də öz işlərini planlamalıdırlar. Əlaqələr möhkəmlənməli, insanlar digər ölkələrə işləri ilə əlaqədar getməli, iş adamları bura gəlməlidirlər. Rusiya, Türkiyə ilə insanlarımızın əlaqələri var, onların gediş-gəlişləri yaxşılaşdırılmalı, rahatlanmalıdır. Mən hesab edirəm ki, daha bir təhlükə yoxdur, qonşu ölkələrdə də pandemiya sona yetmək üzrədir. Məncə, sərhədləri açmaq olar. Payız vaxtına bəzi hallar təkrar olunmasa, artıq biz pandemiyadan qurtarmış sayılacağıq".
Milli Məclisin üzvü deyib ki, ölkədə karantinin müddətini uzatsalar da, quru sərhədləri müəyyən variantlarla açmaq olar:
"Karantini uzada, amma sərhədləri aça bilərlər. Sərhəddə tibb məntəqələri, yoxlamalar təşkil edə bilərlər. Yəni bunun variantları var. Sərhədi tam qapatmaq yox, yarıaçıq rejimə də keçirmək olar".
Qeyd edək ki, Azərbaycan 2020-ci ilin martından etibarən koronavirus pandemiyası ilə əlaqədar quru sərhədləri bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə reallaşır. Ölkədə yoluxma sayının azalması ilə əlaqədar bir çox məhdudiyyətlər aradan qaldırılsa da, hələ də quru sərhədlər qapalı qalıb.
Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaydığı məlumata görə, 11 mayda koronavirus infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb. Aktiv xəstə sayı isə 70 nəfərdir. Qeyd edək ki, dünya mətbuatı da ölkəmizdəki yoluxma sayının azalması ilə bağlı materiallar dərc edb.