Azərbaycanda avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı almaq təqribən 1500-2000 manatdan başlayır. Lakin bu biznesdə fantastik, hətta dodaq uçuqladan qiymətlər də özünü büruzə verir. Qısa bir araşdırma nəticəsində məlum olub ki, standart nömrələrdən fərqli olaraq güzgülü (“zerkalni”) avtomobil nömrəsi almaq istəyənlər kisənin ağzını bir az açmalıdırlar. Belə ki, bu tip avtonqəqliyyat nömrələrinin qiyməti 45 min manatdan başlayır və müvafiq tendensiya 100 min manat və üstünə qədər gedir. Qısası, 3 otaqlı mənzilin pulunu ödə, maşın nömrəsi al və Bakı küçələrində şütü…
AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, qanunvericilikdə avtomobil nömrələrinin qiyməti otuz manatdan üç min manat aralığında dəyişir.
O bildirib ki, burada qiymətlər hərf və rəqəmlərin kombinasiyası ilə dəyişir:
“Bunlar dövlət tərəfindən müəyyən edilmiş rüsumlardır. Məsələn, 100-dən 900-ə, 001-dən 009-a və 111-dən 999-a qədər olan nömrələr bahalı hesab olunur. Təəssüflər olsun ki, bu bizim mental xüsusiyyətlərimizdən irəli gəlir. Bahalı avtomobillər, telefonlar və s. xarakter etibarilə bu cür vərdişlər əsas müsəlman ölkələrindədir. Bir sözlə, belə mənasız və lazımsız şeylərə kifayət qədər pul xərcləyənlər var. Hətta bir nömrəyə görə 100-200 min civarında pul ödəyənlər də az deyil”.
Ekspert onu da əlavə edib ki, nömrələrin baha satılmasında əsas rolu nömrənin köhnə sahibi oynayır:
“Adam nə vaxtsa yaxşı nömrə alıb və bu gün onu baha qiymətə satmaq qərarına gəlir. Almaq istəyən adam da, satan adamın tələbinə uyğun olaraq istənilən qiymətə o nömrəni əldə edə bilir. Bunu yalnız fərdi şəxslər baha qiymətə satırlar”.
E.Muradlı bildirib ki, nömrələr itirildikdə, qanunla onun dublikatını əldə etmək mümkün olmur:
“Vətəndaşlar bilməlidirlər ki, “od” qiymətinə aldıqları nömrələr itsə, onu bərpa etmək mümkün olmayacaq. Bu qanun 1998-ci ildə qəbul olunub. İtmiş nömrə üçün aidiyyatı qurumlara müraciət olunan vaxtdan bir ay ərzində tapılmasa, o nömrə artıq batıb gedir. Amma çox istərdim ki, nömrə itdikdə onun dublikatını çıxartmaq mümkün olsun”.
Ekspert elan saytlarında olan fırıldaqçıların da insanları aldatmasından söz açıb: “Elan saytlarında yazırlar ki, filan qiymətə nömrə satıram. Sonra da beh alıb, yoxa çıxırlar. Hətta olub ki, nömrəni müxtəlif yollarla başqa avtomobilin üzərinə yazıb foto paylaşıblar ki, “satılır”. Biz nömrənin əsas sahibi ilə əlaqə saxladıqda isə adam and içib ki, “mən nömrə satmıram və bu, mümkün deyil”.
Hətta olur ki, zəng edirsən elanda olan nömrəyə. Dərhal deyir ki, “istəsəniz beh saxlayın. Çünki sizdən başqa adam da almaq üçün zəng etmişdi. Pulu göndərən kimi adam dərhal yoxa çıxır. Xahiş edirəm, insanlar belə elanlara aldanmasınlar”.