Narkomaniya insanın mənəviyyatını məhv edir, “canlı ölü”yə çevirir - VİDEO
17-12-2022, 20:03

Müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. 

AZİNFORM.AZ xəbər verir ki, narkotik maddələr insanın fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərməklə bərabər, onun cinayət törətməsinə də səbəb olur. 

Millətin sağlam həyat tərzi üçün təhlükənin yaranması narkotik maddələrin qəbulu və narkomaniyanın yayılmasıdır. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların qaraciyər və böyrəyin zəhərlənməsinə səbəb olur. Bu səbəbdən narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatit və QIÇS xəstəliyidir. 

Narkomanlığa qarşı vaxtında aparılmış keyfiyyətli profilaktik tədbir çox vacibdir. Bu, profilaktika böyüməkdə olan gənc nəslə aid maarifçilik işinin ayrılmaz hissəsi olmalıdır. Yeniyetmələr arasında aparılan keyfiyyətli profilaktik iş narkotik istifadəçilərinin sayını azaltmaqla müsbət nəticələr verir, onları ailələrinə və cəmiyyətə qazandırır. 

 Müasir dünyada narkomaniya ona qarşı yeni mübarizə üsullarının yaranmasından daha sürətlə yayılır. Buna görə də bu bəla ilə sistematik profilaktik mübarizə aparılması çox vacibdir.

  Narkomaniyanın faciəvi, qorxunc nəticələrindən danışarkən yaddan çıxartmaq olmaz ki, narkomaniya, ilk növbədə, adamlarda insanlığı məhv edir, onu şüursuz bir varlığa, kimliyi, yeri-yurdu, nəsli bəlli olmayan, özünün insan olduğunu dərk etməyən “canlı ölüyə” çevirir.

  Bəşəriyyət qarşısında duran mürəkkəb və çoxaspektli, hüquqi, sosial, mənəvi, iqtisadi, tibbi və psixoloji xarakterli arzuolunmaz neqativ nəticələrə gətirib çıxaran narkomanlıq Azərbaycanda da aktual olaraq qalır. Narkomaniyaya qarşı mübarizə tədbirləri nə qədər gücləndirilsə də o, yoluxucu xəstəlik kimi yayılmaqda davam edir.

AZİNFORM.AZ "Gələcəyimizi məhv etməyin, narkotikdən uzaq olun!" adlı sosial çarxı təqdim edir:





up