“Uşaq dalaşıb, bunda müəllimin təqsiri nədir?!” - XALQ ARTİSTİ
5-10-2022, 15:03

Bütün dünyada bu gün Beynəlxalq Müəllimlər Gününü qeyd edir. İndi müəllimlərə qarşı əvvəlki hörmətin qalmadığını deyənlər az deyil.

AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Mübariz Tağıyev bu fikirlərlə razılaşmır:

“Deməzdim ki, müəllimə əvvəlki hörmət yoxdur. Açığı, son vaxtlar məktəblərdə baş verənləri yaxından izləməmişəm, nələr baş verir bilmirəm. Amma müəllimlərə hörmət həmişə olub. Müəllimlik ən yüksək pillədir. Onlar uşaqların təlim-tərbiyəsi, gələcəyi ilə məşğul olur. Müəllimlərə qarşı hörmətsizliyi hiss eləmirəm, nəvələrim də məktəbdə oxuyur, həyat yoldaşım da müəllimədir. Belə problemlə heç vaxt qarşılaşmamışam”.

M. Tağıyev 112 saylı orta məktəbdə şagirdin sinif otağında məktəbli yoldaşını döyməsi barədə danışıb.

Sənətçi qeyd edib ki, məktəblilər arasında baş verən hər mənfi hadisədə birbaşa müəllimləri təqsirləndirmək doğru yanaşma deyil:

“Dünənki dava videosunu izləməmişəm. Bu mövzuda müəllimi təqsiri nədir, bunu başa düşə bilmirəm. Hər mövzuda müəllimi təqsirləndirmək doğru deyil. Şagirdlərin çılğınlıq dövrüdür. Bu, mənim dövrümdə də olub. Hərdən bir dalaşmışıq. Ancaq bunu müəllimin boynuna yıxmaq doğru yanaşma deyil.

Doğrudur, zamanın nəbzi dəyişib, filmlər, sosial şəbəkələr müəyyən qədər yeniyetmələrə də təsir edir, amma burada təqsirkar müəllim deyil. Təqsirin böyük hissəsi ailədə, uşağın ətrafındadır. Valideynlər gərək nəzarət etsinlər ki, uşaqları hansı mühitdə böyüyür, dostları kimlərdir və s. Mütləq uşaq nəzarətdə saxlanmalıdır. Müəllim nə etməlidir, o, dərsini deyib gedir. Müəllim uşağa sıfırdan tərbiyə verə bilməz. Amma hadisə baş verəndən sonra müəllim uşaqlarla danışmalıdır, amma hər şeyi müəllimdən gözləmək olmaz”.

AZİNFORM.AZ





up