Baş nazir mühüm qərar imzaladı
13-10-2022, 19:12

Dövlət sərhədinin delimitasiyası üzrə katiblik yaradılıb. 

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.
Məlumatda o da bildirilib ki, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının Katibliyi Nazirlər Kabinetinin Aparatında şöbə hüququnda və 5 ştat vahidindən ibarət olmaqla təşkil edilib.

Katiblik:
- Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyət planını, Komissiyanın, ekspert qrupunun və işçi qrupun iclaslarında baxılacaq məsələlərin layihələrini, həmçinin hüquqi aktların layihələrini ekspert qrupunun və ya işçi qrupun üzvlərinin iştirakı ilə hazırlayır və müzakirəsini təşkil edir.
- Komissiyanın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Komissiyanın, ekspert qrupunun və ya işçi qrupun iclaslarına çıxarır;
- aidiyyəti dövlət orqanlarından (qurumlarından), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;
- Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyətini təşkil və koordinasiya edir, Komissiyanın kargüzarlıq işlərini aparır, iclasların protokollarını tərtib edir və iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə təqdim edir;
- Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların Komissiyanın sədrinin razılığı ilə kütləvi informasiya vasitələrində yayılmasını təmin edir;
- Komissiyanın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı digər işləri həyata keçirir.

Qeyd edək ki, Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın Katibliyini yaradıb.

Qərar “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.
Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilmişdir. 





up