“Biri Yeni Yasamalda, digəri isə hansısa mikrorayonda…” – Afət Damla ilə Şəbnəmə “ilişdi”
5-09-2022, 21:54

“Damla çox yaxşı qızdır, heç kimlə işi yoxdur. Amma onu başa salan yoxdur deyə kliplərə çoxlu pul xərcləyir. Damla toylara yaxşı qiymətə, hətta bəzilərinə məndən də baha gedir. Buna baxmayaraq, 3 toyun pulunu verib 1 klip çəkdirir. Bu düzdürmü? Əlbəttə ki, yox. Özü də dayanmadan klip çəkdirir”. 

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri məşhur müğənni Afət Fərmanqızı Cebhe.info-ya açıqlamasında bildirib. O, Damla və Şəbnəm Tovuzlunu ulduz həyatı yaşamamaqda qınayıb:

“Belə müqayisə etmək istəyirəm: Röya, Damla və Şəbnəm Tovuzlu. Röyanın həm ulduz həyatına uyğun yaşayışı və şəraiti, həm də ona uyğun mahnıları və klipləri var. Amma Damla və Şəbnəmin ulduz həyatına uyğun ev-eşiyi yoxdur. Bildiyim qədərilə, biri Yeni Yasamalda, digəri isə hansısa mikrorayonda yaşayır. Bu isə ulduz həyatı deyil. Ulduzun gözəl bir villası və ya şəhərin mərkəzində evi olmalıdır. Ondan sonra sənətə o qədər pul tökmək olar. Onlar yəqin ki, bu fikirlərimə görə məndən inciməzlər. Burada heç kimin şəxsiyyətinə toxunmuram. Yəni sən ulduzsansa, yaşayışın da ulduza uyğun olmalıdır. Ümumiyyətlə, mən Damla və Şəbnəmin bu günə qədər bir dənə televiziya verilişində belə ulduz həyatına uyğun ev-eşiyini və ya maşınını görməmişəm. Bu sənət çox müvəqqətidir və səhnə cavanlığı sevir. Mən hər ikisindən yaşda böyük olduğuma görə məsləhət görərdim ki, var-dövlət yığsınlar. Çünki qocalanda yığdığınız əmlak sizi gözəl yaşadacaq. O kliplər isə 10-15 ildən sonra heç nəyə yaramayacaq. Mən özümü ağıllı qadın hesab etdiyim üçün bunları deyirəm. 20-30 il əvvəlki sənətkarların nə gündə yaşadıqlarına baxın. İndi 50 manata gedib toylarda oxuyurlar. Çünki onları vaxtında başa salan olmayıb. Əllərinə keçənləri pal-paltara və ya klipə xərcləyiblər. Buna görə də çoxlu ev alın və hamısını kirayə verin. Klip boş şeydir. Mahnı klipsiz də sevilir. Mən hələ Üzeyirin bir mahnısının da klipini görməmişəm, amma mahnılarının çoxu Azərbaycanın hüdudlarından kənarda da dillər əzbəridir”.

Müğənni “Bəs sizdə vəziyyət necədir?” sualına belə cavab verib:

“Məndə necə olduğuna verilişlərdə baxa bilərsiniz. Mən onların klipə tökdüyü pulları ev-eşiyə, bahalı maşına və bahalı qab-qacağa vermişəm. Ona görə mənim televiziya verilişlərində açdığım süfrələrə, bir də digər həmkarlarıma baxın. Hələ bəziləri var ki, özünün evi yoxdur, kirayədə qalır və onun-bunun evində çəkiliş edir. Təbii ki, mən milyarder deyiləm, amma bir müğənni qazancı ilə götürəndə artıqlaması ilə nələrsə etmişəm. Onlar isə səhv yoldadırlar. Yəni pulu hədsiz dərəcədə sənətə yatırtmaq olmaz. Çünki bu sənət etibarsızdır, sizi yarı yolda qoyacaq. Unutmayaq ki, hər aşiqin bir dövranı var. Görünür, onlara düz yol göstərən olmayıb. Mən bütün güzaranımı qurmuşam. Bu gün bütün dünyada yenidən pandemiya başlasa belə, mənə kirayələrimdən pul gələcək. Damla sənətinə pul qoyur, amma ulduz həyatı yaşamır. Damla xanıma məsləhət edirəm ki, qocalığını düşünərək, özünə 6-7 dənə ev alsın və onları kirayə versin. Çünki ən rahat alverdir. Mənim bu dəqiqə rəqqasə Fatimə kimi bir obyekt icarəyə götürməyə və başımı ağrıtmağa vaxtım yoxdur. Həm də ki, obyekt risklidir və ziyan edə bilərsən. 5-6 evi kirayə verəndə, aylıq 3-4 min manat kartına pul gəlir. Bunları etsinlər, ondan sonra lap hər həftə klip çəksinlər. Nə Şəbnəm, nə də Damla mən yaratdığım muzey kimi ev qurublar. Onlar da süfrə açsın, mən də, görək kiminki daha zəngindir. Müğənninin var-dövləti olmalıdır. Mən öyünmürəm, çünki bunların hamısı boş şeydir və bu dünyada qalacaq. Amma 15 minə klip çəkdirən, ulduz həyatı yaşayan qızın evinin qiyməti 1 milyon olmalıdır. Hətta sürdüyü maşının qiyməti 200 min dollardan aşağı olmalıdır”.

Sənətçi düşünür ki, müğənnilər bu qədər xərci gələcəkdə fəxri ad ala bilmək üçün çəkirlər:

“Tutaq ki, onlar Əməkdar artist və ya Xalq artisti adı aldılar. Onda nə olacaq ki? Mənə Xalq artisti adı belə versələr də, götürmərəm. Çünki dünyanın heç bir yerində belə şey yoxdur. Bunlar hamısı SSRİ dövründən qalma şeylərdir. Siz heç ABŞ-ın Xalq artisti Maykl Cekson və Rihanna eşitmisiniz? Onlarda titul- zad yoxdur, çünki hamısı boş şeydir. Talıb Tale və Üzeyir Mehdizadəni Rusiyada hədsiz çox sevirlər, amma heç bir titulları yoxdur. Yəni əsas odur ki, xalq səni sevsin. Mənim nəzərimdə xalq kimi istəyirsə, xalqın artisti də məhz odur. Röyaya baxın. Həm Xalq artistidir, həm baha qiymətə toylara gedir, həm də ulduz həyatı yaşayır. Müğənnilər orta hesabla aya 150-200 min manat pul qazanırlar”.

Afət Fərmanqızı saxta yolla trendə düşən həmkarlarını da tənqid edib:

“Mən “Pəncu-şeş” mahnımı heç vaxt pulla trendə salmamışam. Amma müğənnilər hər mahnı çıxaranda 500 dollar verib, onu trendə saldırır. Ona görə də eyni adamlar hər həftə trenddədirlər. Əslində onların bu gün toylara yaxşı qiymətə getmələrinin də səbəbi “YouTube”dur”.





up