Televiziya kanalları, saytlar və sosial şəbəkələrdə müğənnilər dəbdəbəli villaları, lüks avtomobilləri ilə daim gündəmdə olurlar. İnsanlara adətən onların ailə həyatı qurması, valideyn olması, kiminləsə sevgili olması daha çox maraqlı gəlir.
Bəs görəsən, bunun günahkarı kimdir, müğənnilər özü yoxsa izləyicilər? Niyə sənətçilər bu cür şeylərlə gündəmdə qalmağı seçirlər?
AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, bu gün peşəkar sənətlə məşğul olan müğənnilər xalq tərəfindən o qədər də sevilmir:
“Doğrudur, izləyicilərə daha çox müğənnilərin şəxsi həyatı maraqlıdır. Mən bunun şəxsən şahidi olmuşam. Hansısa sənətçi peşəkar əsər belə oxusa, onu dinləmirlər, lakin qeyri-peşəkar biri “üç badam, bir qoz” oxuyanda qəbul edirlər. Çünki çətin şeyləri beyin qəbul etmir, bunun üçün savad lazımdır. Savad olmayanda beyin bəsit şeyləri qəbul edir.
Mən də məcburam ki, belə oxuyum, nə edim, çörəyim ordan çıxır. Azlıq çoxluğa hər zaman tabedir. Bu gün çoxluq bəsitliyi sevənlər, üçcə sinif oxuya bilməyənlərdir. Mən bilsəydim heç o vaxt orta məktəbdə başımı ağrıtmazdım, 11 il sinif nümayəndəsi adımı qoruyub saxladım. Bizim vaxtımızda artıq qızıl medal götürülmüşdü, götürülməsəydi, qızıl medala layiq idim. Neynirdim bu qədər başımı ağrıdıb? Elə gəlib “Üç badam, bir qoz” oxuyardım da…
Elə bu cür yaşayacaqdım da, xalqın sayəsində istədiyimi alıb yeyirəm, istədiyimi geyinirəm, xalq da məhz o cür mahnıları istəyir. Təbii ki, hamını demirəm, amma çoxluq bunu istəyir”.
Onun sözlərinə görə, peşəkar sənətçilər bu gün pul qazana bilmir:
“İndi deyəcəklər ki, niyə belə danışırsan, filankəs ancaq peşəkar mahnılar oxuyur. Düzdür, amma gedin onun dolanışığına da baxın, bizimkinə də, müqayisə edin. Biz qaz-vurub qazan doldururuq həmin peşəkar oxuyanlar isə elə bir evlə kifayətlənib oturublar yerlərində.
Nə edim, mən də bacımı evləndirdim, uşağımı bir yerə çıxardım, ətrafa kömək əli uzadıram, kimsə deyəndə ki, dərmanımı al, ala bilirəm, ürəyim istəyən yerlərdə istirahət edə bilirəm, yaxşı geyinə bilirəm. Bunlar hamısı dediyim kimi əmələ gəlir, davamlı peşəkar mahnı oxumaqla sənə sevgi o səviyyədə olmur.
Yeni gələn müğənnilərə bunun yolunu deyirəm: Keçirsən səviyyəsiz mahnılara, onları oxuyursan. Vəssalam, qaz-vurub, qazan doldurursan. Kim deyirsə ki, peşəkar mahnı ifa etdim və “tutuzdurdum” böyük ehtimalla, yalandır. Burada təbii ki, istisnalar var, məsələn, sevdiyim həmkarlarımdan olan Nadir Qafarzadə. O, “Maral-maral” mahnısı ilə “tutuzdurdu”. Sonra “Füzuli kantatası” oxudu. Düzdür, onunla “tutuzdurmadı”, amma peşəkarlar tərəfindən bəyənildi, dedilər ki, “Halal olsun, Nadir hər iksini bacarır”.
Bunu mən də edərəm, hətta fikrim də var ki, bu yaxınlarda peşəkar bir sənət əsəri oxuyum. Əvvəllər də bu cür oxuyurdum, “YouTube”da axtarış versəniz, görəcəksiniz. 20 il əvvəl Eldar Mansurov, Rauf Hacıyev, Emin Sabitoğlu bəstələrini oxumuşam. Mən özüm peşəkar fortepianoçuyam, təhsilli musiqiçiyəm. Amma bilsəydim ki, bütün bunlar lazım olmayacaq, vallah, heç özümü öldürməzdim.
Tovuzda, kənd yerində həftədə üç dəfə mərkəzə gedirdim, təhsil almaq üçün zülm çəkirdim, orta məktəbin dərslərini bitirəndən sonra zülmlə 7 kilometr yol qət edib musiqi dərsi almağa gedirdim. İndi baxıram ki, peşəkarlıq o qədər də vacib deyil. O qədər baş sındırmağa dəyməzmiş, bir dənə maşınını göstərirsən, reklama bəs edir.
Heç efirə zada da ehtiyac yoxdur. Məsələn, axşam üzük videosu paylaşıb yazmışam ki, “Həyat yoldaşım mənə üzük hədiyyə edib” görün nə qədər “like” yığıb. Statistikada 100 mini keçib. Bu axşam Emin Sabitoğludan fortepianoda bir mahnı ifa edib paylaşım, görün həmin video 10 mini keçə biləcək, ya yox? Burada günah müğənnidə yox, izləyicidədir. Çünki izləyicinin zövqünü dəyişmək mümkün deyil, onlar çoxdur, biz isə az”.
A.Fərmanqızı qeyd edib ki, müğənni üçün daim gündəmdə qalmaq vacibdir:
“Müğənninin gündəmdə qalmağa çox ehtiyacı var. Gündəmdəsənsə, sənə toy gəlir. Bizim də qazancımız el şənliklərindəndir. Toy sahibi sosial şəbəkəni açıb baxır ki, Afət Fərmanqızı daim gündəmdədir. Sosial şəbəkə hesabıma girib baxır ki, toylardan kadr paylaşmışam, hamısı şən, şux keçib. Çünki toylarda heç kəs sənə gəlib demir ki, filan muğamı oxu, lap oxusan da gəlib yarımçıq saxlayırlar ki, dayandır, bəsdir, ağlaşma etmə, şən mahnı oxu. Onları da qınamıram, 5 saatlıq toydur, camaat əylənmək istəyir. Bu gün şou-biznes budur, adı üstündə, şounu göstər, biznesini qur”.