AZİNFORM.AZ kulis.az-a istinadən məşhur reper Elşad Xose haqqında maraqlı faktları təqdim edir.
Elşad Əliyev 1979-cu il sentyabr ayının 25-də Bakıda dünyaya gəlib. Özünə "Xose" təxəllüsünü orta məktəb illərində götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib.
1999-cu ildə 106 FM radio stansiyasında özünü aparıcı kimi sınayıb. Radioda işləyən dövrdə ilk treki olan "Allah" mahnısını yazdırıb.
Bir il sonra "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərovanın vaxtilə ifa etdiyi “Qəmgin mahnı” fonunda rep ifa edir. 20 dəqiqə ərzində studiyada yazılan bu mahnı ona uğur gətirir. Mahnıya çəkilən klipin təqdimatı 2000-ci il, mayın 27-də Bakının "Tunnel" disko klubunda keçirilir.
***
İlk musiqi albomundan sonra yaradıcılığına fasilə verib, Rusiyanın Moskva şəhərinə köçür. Ancaq bir müddət sonra yenidən Bakıya qayıdır.
***
O, “İxlas”, “Yox təbəssüm”, “Qayıtdı xəyallar”, “Hər şey bizə azdı”, “Heç kəs əbədi deyil” repləri ilə məşhurluq qazanıb.
2007-ci ilin sentyabr ayında Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Elşad Xose saxlanılır. Onun üzərindən 0,533 qram heroin aşkarlanır. E.Xose barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılır və məhkəmənin qərarı ilə 2 aylıq müddətə həbs olunur.
***
2015-ci ildə isə Elşad Xose reper dostu Dado ilə yenidən polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıblar. Hər iki reper saxlanılarkən üzərlərindən narkotik maddə tapılıb. Bu söz-söhbətlərə reper müsahibələrinin birinə belə aydınlıq gətirib:
“Narkoman olmaq insanın özündən asılıdır. Heç kim məni məcbur narkoman etməyib. Narkotik dozasını aşaraq 2 gün komaya düşmüşəm”.
Karyerası boyu reper digər həmkarları ilə həm yaxşı, həm də pis münasibətdə olub. Mərhum reper Hüseyn Dərya ilə bir zamanlar yaxşı münasibətləri olsa da, günlərin birində onlar Bulvardakı restoranların birində təsadüfən rastlaşırlar və mübahisə edilər. Bu mübahisə o qədər şiddətli olur ki, onlar hətta əlbəyaxa davaya çıxırlar. Küçədən keçən adamlar hər iki reperi ayırıb sakitləşdirir.
***
Reper ayaqqabı və papaq həvəskarıdır. Evində onlardan ibarət kolleksiyası var. Futbol izləməyi sevmir. Ən pis vərdişinin isə siqaret olduğunu bildirən Xose duşes içməyi çox sevdiyini deyir.
***
Ötən ilin iyun ayında Xose öz qəbrinin fotosunu paylaşaraq izləyiciləri təəccübləndirməyə nail olub. Məzar daşında reperin öz şəkli, təvəllüdü, ad və soyadı var idi.
Elşad Xose 2012-ci il, martın 27-də uzun illərdir münasibətdə olduğu rəqqasə Oksana Rəsulova ilə ailə həyatı qurur. Ancaq onların münasibətləri yolunda getmir. Cütlük arasında müxtəlif dövrlərdə mübahisələr yaranır. 2012-ci il, sentyabrın 18-də cütlük yollarını ayırmaq qərarı verərək, boşanırlar.
***
Ancaq cütlük aralarındakı sevgini boşandıqdan sonra gizli saxlamağa çalışsalar da, alınmayıb. Xose keçmiş həyat yoldaşı Oksananı İnstaqramda təbrik edərək ona "Mənim sevgim" deyə müraciət edib.
Ailə həyatları uğursuz olsa da, sonrakı illərdə onlar yenə birlikdə görünür, bir-birləri haqqında xoş sözlər işlədirlər. Hətta Elşadla Oksana “Mələyin öpüşü” adlı filmdə baş rolları ifa edirlər. Həmin ilin sentyabr ayında filmin qala gecəsi baş tutur. Oksana və Elşad bu gecəyə birlikdə qatılır, bir-birləri haqqında xoş sözlər deyirlər. Ancaq bir ay sonra Elşadın Oksananı döyməsi ilə bağlı mətbuatda xəbərlər yayılır. Oksana Rəsulova bu xəbərin doğruluğunu təsdiq edərək, gecə ilə Elşadın onun evinə gəlib onu döydüyünü, bıçaqla hədələdiyini bildirir. Rəqqasə polisə müraciət edəndən sonra Xose polis tərəfindən saxlanılır. Bu hadisədən sonra onların əlaqələri kəsilir. Oksana xanım yenidən başqa şəxslə ailə həyatı qurur. Bu evlilikdən onun bir oğlu dünyaya gəlir.
***
Ötən ilin dekabr ayında isə Elşad Xose Lətifə adlı xanımla ailə qurur. “Səadət” sarayında keçirilən nikah mərasimində repçinin yaxın qohumları və tanışları iştirak edir.