“Bu həyatdır, hər şey hardasa bitir ki, yeni şeylər başlasın, bu da bitdi...”
13-07-2022, 01:44

ARB kanalında yayımlanan “Baldız” serialının final günündə kövrək anlar yaşanıb. Belə ki, aktrisalar Xuraman Əlizadə və Tünzalə Əliyeva əməkdar artist Dilarə Əliyevanın nitqinə dözməyək, ağlayıblar. Həmin görüntülər sosial şəbəkədə yayılıb.

AZİNFORM.AZ-a açıqlama verən aktrisa Dilarə Əliyeva serialdan ayrılığın bütünlükdə kollektiv üçün ağır olduğunu bildirib.

“Artıq 5 ildir ki, “Baldız” serialı efirdə yayımlanırdı. Biz düşündük ki, serialın finalını edək. Növbəti mövsümdən yeni bir serial düşünürük, təbii ki, eyni tərkibdə, eyni heyətlə. Burada situatsiyalar və vəziyyət fərqli olacaq. “Baldız” ın final günü çox kövrək notlarla yadda qaldı. Bir-birimizlə, oynadığımız xarakterlərlə, olduğumuz məkanla bu müddət ərzində o qədər doğmalaşmışdıq ki, bu ayrılıq bizim üçün çətin idi. Bu bilirsiniz nəyə oxşayır? Hər hansı bir kitabı oxuyub bitirəndən sonra insan qəribə hisslər keçirir. Artıq o kitabı bağlayırsan. İstər-istəməz yaradıcı insanlar hər bir şeyə daha həssas yanaşdıqları üçün belə bir vəziyyət yarandı. Hamımız çox kövrəldik, ağladıq. Bəzən daha gözəl işlərin başlaması üçün bəzi şeylərin bitməsi lazım olur. Bu həyatdır, hər şey hardasa bitir. Bir şey o zaman tamamilə bitir ki, onunla bağlı olan xatirələr bitir. Necə ki, insan ömrü xatirələr qədərdir. Eləcə də görülən işlər. Mənə elə gəlir ki, “Baldız” bitsə də onu sevən tamaşaçıların xatirəsində, hafizəsində yaşayacaq, ondan tez-tez sitatlar gətiriləcək. Hələ ki, biz də vida mərasiminin abu-havasındayıq. Yəqin ki, yeni mövsümə qədər, digər serial başlayana qədər belə olacaq” deyə aktrisa bildirib.

Aktrisa istirahətlə bağlı suala isə belə cavab verib.

“Azərbaycanımızın o qədər bölgələri var ki, hələ də tam gəzib qurtarmamışıq. Ona görə də doğma vətənimdə istirahət edəcəyəm. Xaricə getməyəcəm, dağda-bağda olacam (gülür)” deyə aktrisa bildirib.

Əməkdar artist Dilarə Əliyeva həmçinin onu da bildirib ki, aparıcısı olduğu “Söhbət var” verilişinin mövsüm finalı iyulun 30-da olacaq. /moderator.az/


AZİNFORM.AZ





up