Aparıcı Zaur Kamal ARB telekanalında yayımlanan "Həmin Zaur" verilişində cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovduğuna görə onu tənqid edənlərə cavab verib.
AZİNFORM.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, o, ötən axşam canlı efirini bu sözlərlə açıb:
"Uzaqdan qüsursuz, yaxından isə lazımsız insanlar gördüm bu həyatda. Amma lazımsızları uzaq etdim, lazımlılar qaldı yanımda. 25 ildir radio-televiziya təcrübəm var. Həmişə tamaşaçı qarşısına alnıaçıq çıxdım, həmişə tamaşaçı sevgisini hiss etdim. Damla-damla yığdığımız bu sevgini Allah-təala bizdən uzaq etməsin. Efirə ancaq sevincli hisslərlə çıxırıq. Bu gün də sevincimlə, gözəl ab-hava ilə bu günün gecəsini açıq elan edirəm".
Maraqlıdır ki, Z. Kamal etdiyi mədəniyyətsiz hərəkətinə görə ünvanına səsləndirilən tənqidi fikirlərdən sonra belə tamaşaçılardan üzr istəməyib, əksinə açıqlaması ilə onları ələ salıb.
Dünən sosial şəbəkələrdə sözügedən mövzu günboyu müzakirə olunsa da, ARB telekanalı hadisə ilə bağlı heç bir mövqe bildirməyib. Bu, azmış kimi, Z. Kamalın yuxarıdakı açıqlamasını rəsmi yutub kanalında "Zaur Kamal dillərə düşməyindən danışdı: Lazımlı insanlar yanımdadır" başlığı ilə paylaşıb.
Görünür, tamaşaçı fikri, eləcə də ictimai qınaq nə telekanal üçün, nə də aparıcı üçün hər hansı bir məna kəsb edir...