“Bineyi-qədimdən kişilər həmişə xəyanət ediblər. Heç bu xəyanət də sayılmır, xəyanət çox axmaq sözdür. Nə xəyanət?! Kişi gedib 5-10 dəqiqə özünü sevindirib gəlib”.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri yenisabah.az-a müğənni Əli Mirəliyev deyib. Kişilərin xəyanətinə haqq qazandıran ifaçı qadınların kişilərin xəyanətini bağışlamalı olduğunu bildirib:
“Bu xəyanət deyil, nə xəyanət?! Kimə xəyanət edir, kimi satır? Arvad öz evində olur, uşaqlara başı qarışır, kişi də gedib bir cavan adamın yanına dəyib gəlir, burada nə var ki?! Hər şeyi şişirdilər, deyirlər ki, arvad da ona xəyanət etsin. Elə bu cür düşündülər ki, iki gündən bir ayrılırlar, boşanmaların sayı bu qədər artıb…”
O, boşanmaların sayının artmasının səbəbinin məhz xəyanət olduğunu qeyd edib:
“Televiziyalarda, sosial şəbəkələrdə nə vaxt ki, bu söhbətlər getdi, boşanmalar da artdı. Mən o vaxt Elgizlə veriliş aparanda da deyirdim ki, bu yaxşı şey deyil, mövzunu şişirdirsiniz. Kişidir də, nə olsun, bir qələtdi edib. Onda qadın da getsin ona xəyanət etsin, onda bu nə ailə oldu? Arvad gərək uşaqlarını böyütsün, dədə-babalarımızdan da belə görmüşük. Hətta o vaxt günü də gətirirdilər, günü birinci arvadın üstünə alınan ikinci və ya üçüncü arvad idi. O qadınlar bir evin içində yaşayırdılar. İndi təzə şey tapıblar: Xəyanətin qurbanı olan ailələr. Mən bunu çox pis qarşılayıram. Kişi kişidir, qadınsa qadın. Qadın evin namusudur, kişi küçələrdə olar, pul qazanar, arvad-uşağını dolandırar”.
72 yaşlı sənətçi özünün də dəfələrlə xəyanət etdiyini etiraf edib:
“İndi kişi 1 saat qıraqda nə edibsə, edib, bunu böyütməyin nə mənası var, bu kimə lazımdır?! Mən özüm 100 dəfə, bəlkə də daha çox etmişəm, nə olsun? Arvadım da yerindədir, uşqlarım da, nəvələrim də. O vaxt belə şeylərə görə boşansaydıq nolacaqdı? Mən də olacaqdım digər müğənnilərin tayı. Hərəsi 3-4 dəfə boşanıb. Bu nəyə lazımdır axı? Ailə yumruq kimi olmalıdır. Uşaqlar varsa, onları fikirləşməlisən. Boşansan uşaqlar atasız qalır. Bu yaxşı iş deyil. Qadınlardan xahiş edirəm ki, “xəyanət” sözünü yığışdırsınlar, bu xəyanət deyil, kişi gedib 5 dəqiqə özünü sevindirib gəlir. Xəyanət yox, özünü sevindirmək”.