“Sadəcə, acından ölməmək üçün bir müddət sürücülük etdim” — Samirə
20-06-2022, 19:09

Uzun zamandır efirlərdə görünməyən, tanınmış müğənni, bir zamanlar ilk qadın meyxanaçı kimi Oqtay Kamillə dediyi meyxanalarla marağa səbəb olan Samirə Yusifqızı AZİNFORM.AZ-ın suallarını cavablandırıb.

Öncə efirlərdə az-az görünməyinin səbəbini açıqlayıb. “Vaxtında gündəmi bəzəyən xanım ifaçı indi niyə gözlərdən uzaq düşüb?” sualına onun cavabı belə olub:"Guya gündəmdə olanda neynədim ki? Camaat bir dəfə efirə çıxmaqla 50 dənə toy tutur, mən 50 ildir efirə çıxıram, bir dənə toy tutmamışam. Müğənnilər çoxdur, toylar əvvəlki kimi çox deyil. Bu gün ölkənin ali savadlı müğənnisi axşamlar gedib restoranda onun-bunun qabağında 10-15 manata görə oxuyursa, niyə gileyli olmamalıyam?! Mən haradan maliyyələşim? Maaşım yox, təqaüdüm yox, heç bir yerdə ştatda deyiləm, mən nə ilə dolanım? Mən bu gün toya getməsəm, çörək almağa pulum olmaz". 

Xanım müğənni pandemiya dövründə taksi fəaliyyəti məşğul idi. Dediyinə görə, bu, sadəcə, müvəqqəti qazanc üçün idi: 
 
"Daha sürücü kimi çalışmıram. Mənim sənətim var, ali təhsil almışam, əbəs yerə diplom almamışam ki... Musiqini atıb, sürücülük edə bilmərəm. Sadəcə, acından ölməmək üçün bir müddət sürücülük etdim. İş deyildi o". 

Samirə Yusifqızı müasir dinləyicilərin zövqünün korlandığını deyir: 

“Millətin zövqü korlanıb. Camaata musiqi lazım deyil. Camaata ayaqlarını açıb, ora-burasını göstərib, atlanıb-düşən lazımdı. Bir də cavan olmaq lazımdı. Sənətdən danışan yoxdu, sənət heç kimə lazım deyil. Üç-beş nəfərə lazımdı sənət, onların da pulu yoxdur. Cavanları dəvət edirlər məclislərə. Nə boyda sənətin olur-olsun, cavanı çağırırlar məclislərə. Çox nadir hallarda, cavana verməyə pulu çatmayanda yaşlını dəvət edərlər məclisə”.

Xanım müğənni deyir ki, meyxana deyəndə ağız büzənlərin çoxusu elə meyxana ifa edir. Əlində olsaydı, çox şeyi dəyişərdi:

“Başdan-ayağa hər şeyi dəyişərdim. İlk olaraq, senzura qoyardım. Necə ki, o vaxtlar mahnılarımızı Bədii Şuradan keçirirdik, o qaydanı geri qaytarardım. Bəstəkarlar İttifaqından keçməmiş musiqi, sınanmamış şairlərin sözlərini mahnıya çevirməyə icazə verməzdim. Üçü birində kofelər kimi həm şair, həm bəstəkar, həm müğənniləri ümumiyyətlə qabağa buraxmazdım. İndi mahnı yoxdu, hamısı meyxanadı- musiqili meyxana. Meyxana deyəndə ağız əyirlər, amma hamısı meyxana deyir.” 

AZİNFORM.AZ





up