"Çətin idi. Anamın son nəfəsinə çata bilmədim. Bu da pandemiyaya görə oldu. Yollar bağlı idi. Bir gün sonra səhər mənə zəng vurdular ki, ananın vəziyyəti ağırdır, artıq gəlməlisən. Mən gedənə qədər yolda (red. Bakıdan Balakənə) anam rəhmətə getdi. Dedilər ki, ananınızın nəşini götürmək lazımdır. Qış idi, hava tez qaralır, soyuq idi, yağış yağırdı, yol uzaq idi".
AZİNFORM.AZ xəbər verir ki, bunu Əməkdar artist Nailə İslamzadə "O üz" proqramında qonaq olarkən söyləyib.
O, pandemiya səbəbindən anasının son anlarında yanında ola bilməməsindən təsirləndiyini vurğulayıb:
"Postda dayanan şəxsə dedim ki, tez getməliyəm, anamın dəfninə çatmalıyam. Dedi ki, sizin adınız portalda yoxdur. Belə hadisələr oldu, anamın son nəfəsinə çata bilmədim. Bu, mənə çox pis təsir etdi. Bəlkə də anamın mənə deyiləsi sözü vardı.
O ki, qaldı anamın yasına, qardaşlarım da rəhmətə getmişdi, ona görə bütün işlər mənim üzərimdə idi. Anam başı bağlı, namaz qılan qadın idi. Yaşlı idi. Deyirdi ki, ölsəm, yasım urvatlı olsun. Hər şeyin yerli-yerində olmasını xoşlayırdı. Vacib deyildi ki, yeməyi gəlib hamı evdə yesin. Yeməklər bişdi, paylandı. Hər şeyi necə lazımdır, öz qaydasında etdim ki, anamın ruhu şad olsun. Mənə elə gəlir ki, anamın ruhu bütün bunları gördü, hiss etdi".
N.İslamzadə üç qardaşını xərçəngdən itirdiyini deyib:
"Bizim böyük ailəmiz olub. Dörd qardaşın bir bacısı olmuşam. Hamıdan kiçik evdə mən idim. Uşaqlığım çox gözəl keçib. Qardaşlarımın hamısı yaxşı oxuyurdular. Böyük qardaşım 11 yaş məndən böyükdür. Üç qardaşımın üçü də rəhmətə gedib. Böyük qardaşım isə Moskada professordur. Elmi konfranslara gedir, oradan mənə paltarlar gətirirdi. Əlinin içində baxırdılar mənə. Ailəmizin imkanları geniş olmayıb. Atam müəllim olub, anam isə beş uşaq böyüdüb. Hamısını oxudub, təhsil verib. Amma heç zaman məhrumiyyətlər yaşamamışam evdə.
Əvvələr Balakənə gedəndə hamı həyətə yığışardı, şənliklər olardı, kabab çəkilir, masalar qurulardu. İndi isə bunların heç biri yoxdur. 3 qardaşım xərçəngdən rəhmətə gedib. O qədər boşluq var ki, Balakənə gedib valideyinlərimin və qardaşlarımın qəbrini ziyarət edirəm, dualar oxuyub, gül qoyuram. Balakən məni çox çəkir. Amma ora gedəndə qəmgin oluram. O vaxtları xatırlayıram, amma artıq yoxdur".