“Üzümü tuturam tanınmışlara və məşhurlara, hansıların ki, sosial şəbəkələrdə çox sayda fanları və izləyiciləri var. Sizdən rica və xahiş edirəm, əgər hansısa bir şəhidimizin yas və dəfn mərasiminə gedirsinizsə, şəkil və video çəkib paylaşmayın”.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri tanınmış reper Uran deyib.
Şəhidlərinin yas mərasimindən görüntüləri sosial şəbəkə hesabında tez-tez paylaşan şou-biznes nümayəndələrinə səslənən reper onları yıxıb-sürüyüb:
“Həyanız, abrınız olsun. Özgəsinin faciəsi, bu xalqın keçirtdiyi imtahanın üzərindən özünüzə bəyənmə, izləyici sayı yığmayın.
Ayıbdır! Tərbiyəniz olsun! Utanın! Ən azından içinizdə olan o vicdanı işə salın, o bəyənmə və izləmələrə göz yumun. Gözünüzü açın!
Əgər bunu bacarmırsınızsa, bağlayın səhifənizi və rədd olun sosial şəbəkədən. Bu hərəkətinizlə yeni nəslə bu pis nümunəni verməyin. Özgəsinin itkisi, faciəsi üzərində özünüzə xal qazanmayın. Utanın! Ar olsun sizə! Allahdan şəhidlərimizə rəhmət, yerdə qalanlara isə layiqli həyat sürməyi qismət etməsini diləyirəm”.