“Həyatdır, haradan biləydim ki, 1993-cü ildə gənc bacımı itirəcəyəm. Ana olmadım. Bunu isə heç zaman gizlətməmişəm. Haradan biləydim ki, 21 yaşımda bacım öləcək, 3 yaşındaki övladı mənə qalacaq və onu böyüdüb, başa çatdıracağam. Çətinliklə də olsa onu böyütdüm. Hazırda da o qızın 6 balası var. Allah saxlasın”.
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova qonaq olduğu “Ulduzla” verilişində deyib.
Övlad sahibi olmadığını söyləyən sənətçi bildirib ki, o, sonsuz deyil:
“Övladları çox sevirəm. İnsanlar elə düşünürlər ki, övladı olmayan qadın başqa cür olur… Küçədə bir ana övladını döyəndə, istəyirəm usağı onun əlindən alıb, kənara çəkim. Övlad ən həssas yerimdir. Mən sonsuz deyiləm. Üç uşağım olub, onları itirmişəm. Bu qismət, taledir”.
2 dəfə ərə gedən M. Xanlarovanın sözlərinə görə, ikinci həyat yoldaşının anası ona iztirablar verib: “Münasibətlərim yaxşı olmayıb. Bəzi qayınanalar var ki, çəkdikləri iztirabları gəlinlərinə yaşadırlar. Oğluna deyirdi ki, gəl mənimlə yat. O zaman mən gənc idim. Həyat yoldaşımla savaşırdım ki, niyə belə? Evdə məndən yaxşı yemək bişirən yox idi. Ailə bişirdiyim yeməyin dadından əllərini yalayırdı, amma yenə də pis idim.
Deyirdilər ki, bizdə yeməyə beş ədəd soğan və yağ vursaq, dadlı olar. Amma başa düşmürdülər ki, yemək bişirməyin özü bir məharətdir. Mənim ikinci həyat yoldaşımla aramda 3-5 yaş fərq olub. Bunu da insanlar tənqid edirdilər. Amma burada tənqid olunası bir məsələ yoxdur. Ailələr var ki, bəylə xanımı arasında 10 yaş fərq var”.