Türkiyənin tanınmış aktrisası, “Təhminə” filminin baş qəhrəmanı Meral Konrat günlərdir ki, Bakıdadır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə məşhur Bakıda yeni bir filmə çəkilir. Xəbərin doğru olub-olmadığını bilmək üçün aktrisanın özü ilə əlaqə saxladıq.
Moderator.az-a özəl açıqlama verən Meral Konrat 30 il sonra Azərbaycanda filmə çəkildiyini bildirib.
“Artıq 10 gündən çoxdur ki, Bakıdayam. 30 ildən sonra ikinci filmə çəkilmək üçün Bakıya gəldim. “Elçilik” adlı film komediya janrındadır. Senarini oxuyan kimi bəyəndim. Çox gözəl, maraqlı bir obrazdır. Ekran işinin kollektivi olduqca ürəyimcədir, A-dan Z-yə hər şey mükəmməldir. Rejissor İlham Yaşaroğlu, prodüsser Toğrul Hüseynov həqiqətən də işlərinin peşəkarıdırlar. O qədər doğma kollektivlə çalışıram ki, elə bilirəm ki, evimdə çəkilirəm. Ümumiyyətlə indiyə qədər heç vaxt komediya filmində rol almamışam. Mənə Azərbaycandan çox dəvətlər gəlirdi, amma heç birini qəbul etmirdim. Çünki əksəriyyəti eşq rolları idi. Fərqli bir rol və janrda çəkilmək istəyirdim. Nə qədər dram olar?!” deyə aktrisa bildirib.
Meral Konrat filmdəki həmkarlarından da danışıb.
“Həqiqətən də gözəl və peşəkar bir kollektivlə çalışdım. Elgiz Əkbərlə, müğənni Xatun Əliyeva ilə tərəf müqabili olmaq çox əyləncəli və gözəl idi. Elgiz Əkbər mənim əziz dostumdur. Həftə içi veriliş aparır, amma ilk dəfədir ki, filmdə çəkilir. O rolunu professional aktyorlardan da yaxşı oynadı. Xatun da çox gözəl xanımdır, o mənə əsl bacılıq etdi. “Popstar” yarışmasından tanıdığınız Barış Kömürcüoğlu filmdə mənim oğlum rolunu oynayır. “Elçilik” filminin Azərbaycanda ən gözəl və baxımlı komediya filmi olacağına inanıram. Özüm də çox həyəcanlıyam” deyə sənətçi bildirib.
“Elçilik” filminin prodüsseri Toğrul Hüseynov da saytımıza açıqlama verib.
“Filmin sujet xəttində Azərbaycan və türk ailəsindən bəhs edilir. Vaxtilə hər iki ailə imkanlı olublar. Sonralar iflasa uğrayırlar. Bütün prosseslər də bundan sonra başlayır. Film romantik komediyadır, bütün ailə üçün nəzərdə tutulub. Yəni, həm böyüklər, həm də kiçik yaşda olanlar filmi çox rahatlıqla, tərəddüd etmədən izləyə bilərlər. Çəkilişlər artıq bitib. Hər kəs 20 mart Novruz bayramı tətillərindən başlayaraq filmi “Park cinema” kinoteatrında izləyə bilər” deyə prodüsser bildirib.
Qeyd edək ki, filmin rejissoru İlham Yaşaroğlu, prodüsseri Toğrul Hüseynovdur. Martın 20-dən sonra filmin Azərbaycanda böyük qalası nəzərdə tutulur.