“Təhminə”nin qalmaqallı Bakı səfəri: “Xanıma qarşı belə qəddarlıq olmaz”
2-03-2023, 18:02

“Təhminə və Zaur” filmi ilə ölkəmizdə populyarlıq qazanan türk aktrisa Meral Konrat üçün Azərbaycanda ev istənilib.

Bu barədə “Elgizlə izlə” proqramında aparıcı Elgiz Əkbər məlumat verib. O, sənətçinin evi olmadığı üçün izləyicilərə müraciət edib:

“Meral xanım Bakıya köçmək istəyir, burada yaşayacaq. Onun evi yoxdur. Hazırda hoteldə yaşayır. Nə qədər pul qazanmalıdır ki, hotelə pul versin. Bizi eşidirlər, onun pərəstişkarı çoxdur, ev tikən şirkətlər var. Burada yaşaması üçün mənzil lazımdır. İstəyir ki, ölkəmizdə fəaliyyət göstərsin, tələbələr hazırlasın”.

Elgizin bu təklifi isə sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Bəziləri azərbaycanlı sənətçilərin ehtiyacı olduğu halda, türkiyəli aktrisaya ev verilməsinin düzgün olmayacağını iddia etdi.

AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan aktyor Allahverdi Yolçuyev bu cür yanaşmanın doğru olmadığını deyib:

“Mən Meral Konratı elə “Təhminə və Zaur” filmindən tanıyıram, şəxsi tanışlığım yoxdur, heç başqa filmlərini də görməmişəm. Bu bir yalan da ola bilər. Türkiyədən gəlib ev istəməyini anlamıram, amma hər bir halda, əgər bir millət iki dövlətiksə, köməyimizi də əsirgəməməliyik. Əgər Meral xanımın həqiqətən bu evə ehtiyacı varsa, başqa yolu yoxdursa, niyə də kömək etməsinlər? O da bizim qardaş ölkəmizin sənətçisidir. Siz-biz deyib ayırmaq olmaz. Yenə deyirəm, əgər ehtiyacı varsa, küçədə qalıbsa, kömək etmək olar. Həyatdır, adamın başına hər iş gələ bilər, müflisləşə bilər. Bəlkə o hər şeyini zəlzələdə itirib? Bunu bilmirəm. Kimin imkanı çatırsa niyə kömək olunmasın?

Azərbaycanın ucqar kəndində ehtiyacı olan adamla Türkiyədə ehtiyacı olan adam arasında mən fərq qoymuram. Əgər adam özü onu qazana bilmirsə, nail ola bilmirsə, müəyyən problemi varsa, ona kömək etmək lazımdır. Həyat fanidir. Baxın, bu gün Hacı Şahin 48 yaşında dünyadan köçdü. Bunu kim gözləyirdi? Həyatdır, hər şey ola bilər. 30 manatlıq saat da, 5 min manatlıq saat da eyni vaxtı göstərir”.

A.Yolçuyev qeyd edib ki, qardaş ölkənin sənətçisinə qarşı belə qəddar davranmaq olmaz:

“Meral xanıma Allah kömək olsun. Biz millət olaraq öyrəşmişik, o saat aqressiyamızı göstəririk. Deyirlər ki, niyə gəlir bura, bizim o qədər problemimiz var və s. Bizim-sizin yoxdur, qardaş ölkəyik. İkinci Qarabağ müharibəsini xatırlayın, Türkiyə bizə nə qədər dəstək oldu. Belə demək olmaz. Xanıma qarşı o cür qəddarlıq göstərmək doğru deyil. Onun köməyə ehtiyacı varsa, yardım etmək yaxşı olar. Yəqin ki, ehtiyacı var, ona görə efirdə bu fikirlər səsləndirilib. Hər halda, bu boyda zarafat olmaz”.





up