“Yaxşı ki, Ceyran Haşımova bu sənətdə özünü qalib bir qadın obrazı kimi tərənnüm və təbliğ edib. Yoxsa mənə çox çətin olardı. Bilirsiniz niyə?! Ailəmdə məni tar ifa etməyə qoymurdular. Deyirdilər ki, qız hara, tar hara?! Ceyran xanımı hər zaman söhbətlərimdə bəhanə gətirirdim, misal çəkirdim. Deyirdim ki, Ceyran xanım gözəl sənətkardır, bu alətdə ifa edib, ona heç kim, heç nə demir heç. Bu yolu bizim üçün Ceyran Haşımova açıb. Zəhmət çəkməyib, hər şeyə nail olmaq istəyənlər üçün sənətdə hər şey asandır. Amma dişi-dırnağı ilə bu yerlərə gələnlər üçün çox çətindir”
AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış tarzən Humay Qədimova deyib.
Tarzən deyib ki, musiqiçi olmağı ilə yanaşı müğənnilik sənəti ilə də məşğul olur.
“Təzə-təzə oxumağa başladığım zamanlarda bəzi sənət adamları deyirdi ki, “gördü tardan bir şey çıxmır, tarla pul qazana bilmir, keçdi oxumağa”.
"Mən 13 ildir ki, tar musiqi aləti üzrə pedaqoji fəaliyyətlə məşğulam. Tələbələrim çoxdur, böyük uğurlar qazanırlar. Mənim tarla bağlı çox gözəl işlərim var, zəhmətim və təhsilim bu işə bağlıdır. Qızlardan ibarət ansamblım da var, xınayaxdı məclislərinə də gedirik. Məndən mahnı da istənilir. Şükür Allaha bu işdən pul da qazanıram, hörmət də. Bir çox həmkarlarım da dəstəkdir, deyirlər ki, nə tarı əlindən yerə qoy, nə də ki, oxumağını. Bir çox dünyaca tanınmış musiqiçilər var ki, həm də müğənnilik edirlər. Bunun nəyi qəbahət sayılır ki?” deyə sənətçi bildirib.
Humay Qədimova bildirib ki, tar alətinə müasirlik gətirib.
“Biz hər zaman özümüzdən böyük sənətkarlardan öyrənirik. Nə qədər ki, bu sənətdəyik, çalışırıq ki, axtarışlar edək. Tar aləti daha çox muğam və bəstəkar mahnıları üçün yaranıb. Hər zaman düşünürdüm ki, məndən öncə bütün bunlardan istifadə ediblər. İndiki gənclərdə mən kəşf etdim ki, onlar tar alətində yenilik, müasirlik istəyirlər. Tar təkcə böyük yaş kateqoriyasının dinləyicisi olmamalıdır. Tarı anlamaq, düşünmək çox çətindir. İndiki gənclərin əksəriyyəti 3 notdan ibarət musiqi yaradırlar, oxuyurlar, 8-10 milyon baxış yığıb, trend, brend olurlar. Bu hər şey deyil. 3 notdan ibarət musiqi yüksək səviyyədə ola bilməz! O vaxt dahi bəstəkarlarımız 3 notdan ibarət əsərlər yaradıblar, axı siz onlar deyilsiniz! Tar alətini mənimsəmək və başa düşmək də hər dinləyiciyə məxsus olan bir şey deyil. Çalışıram ki, tar alətini bütün nəsillərə sevdirim” deyə Humay Qədimova deyib.