Son gündər tanınmış kulturoloq Aydın Xan Əbilovla vəkil Şəfiqə Məmmədova arasında tez-tez efirdə qalmaqal yaşanır. Onların efirdə yaşadığı qalmaqallar, kulturoloqun səsləndirdiyi fikirlər tez-tez sosial şəbəkələrdə paylaşılaraq müzakirə mövzusuna çevrilir.
Bəzi tamaşaçılar isə bu açıqlamaların reklam xarakterli olduğunu iddia edir. Yenisabah.az-a danışan teleaparıcı Tarix Əliyev kulturoloqun bu açıqlamalarının reklam xarakterli olub-olmadığına aydınlıq gətirməyib.
AZİNFORM.AZ xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, bir qrup sosial şəbəkə istifadəçiləri ziyalılara qarşı əks mövqedə dayanıblar:
“Mən elə bir ikinci cəmiyyət tanımıram ki, öz danışan dili, düşünən beyni olan ziyalısını bu qədər aşağılasın, tənqid etsin, yeri gəldi-gəlmədi söysün. Bu dəhşətli haldır! Azərbaycanda elə bir şərait yaranıb ki, müəyyən qara kütlə ölkənin ziyalısını, intellektual şəxslərini o dəqiqə xalqın gözündən salmağa çalışır. Ən dəhşətli hal odur ki, böyük kütlənin savadı, intellektual səviyyəsi, dünyagörüşü o qədər aşağıdır ki, “qara kütlə”nin təsiri altına o dəqiqə düşür. Baxın, Azərbaycanda normal təklif verən, danışan, tez-tez verilişlərə ekspert kimi gedən insanlara qarşı nə qədər qarayaxmalar, aşağılayıcı rəylər yazan sosial media fırıldaqçıları var. Bu heç bir cəmiyyətdə yoxdur. Başqa ölkələrdə öz qələm sahibinə, ziyalısına qarşı bu cür aqressiya göstərən kütlə görə bilməzsiniz”.
Kulturoloq açıqlamaların qətiyyən gündəmə gəlmək, özünü reklam etmək məqsədi daşımadığını qeyd edib:
“Kütlə anlamalıdır ki, Aydın Xan hansısa verilişə gedib 3 saat oturub fikir söyləyir və başqa vəkillər, psixoloqlar kimi verilişlərin sponsoru deyil, verilişlərə maliyyə ayırmır. Aydın Xan bunlarda iştirak etmir. Barmaqla sayılacaq qədər düşüncə adamları var ki, onlar da artıq verilişlərə getmirlər, fikirləşirlər ki, gedib vaxtımı, enerjimi itirəcəyəm, həmin vaxta pul qazana bilərəm. Nəyimə lazımdır gedim fikir söyləyim, hələ bu fikrə görə də təhqir edilim, aşağılanım, başı ilə deyil, 6-cı hissi ilə düşünən insanlar da üstümə düşsünlər, məni, ailə üzvlərimi təhqir etsinlər. Ona görə də ziyalılar bu cür verilişlərə getmirlər.
Bilmirəm Tarix Əliyev bu sözləri hansı mənada işlədib, amma yəqin ki, ironiya ilə işlədib. Çünki Tarix bəy bilir ki, Aydın Xanı o verilişə və digər verilişlərə dəfələrlə dəvət edəndən sonra gedir. Aydın Xan hər verilişə getmir. Mən dəvət alıramsa, ağlıma, intellektimə, televiziya estetikasına cavab verə bildiyim üçün bu dəvəti alıram. Mən müğəni, vəkil, həkim deyiləm ki, efirə çıxıb özümü reklam edib. Bu absurd bir iddiadır. Bu sözləri Tarix bəydən heç gözləməzdim. Mənim, ümumiyyətlə, reklama ehtiyacım yoxdur. Bir ölkədə kulturoloq deyəndə Aydın Xan Əbilov yada düşürsə, bütün verilişlər onu dəvət edirsə, hər gün beşdən çox sayta ekspert rəyi, müsahibə verirsə, onun reklama ehtiyacı varmı? Mən özümü kimə, niyə, nə üçün tanıtmalıyam? Əgər sənin tanınmağın sənə reklam, pul gətirmirsə, mənasız yerə nə üçün qalmaqal etməlisən ki? “