"Şəbnəmlə rəfiqəliyimiz, dostluğumuz olmayıb. Sadəcə aramızda "Salam-sağol"umuz olub".
AZİNFORM.AZ bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.
Ötən həftə sözügedən verilişdə qonaq olan müğənni Şəbnəm Tovuzlunun qızı Günelə cehizlik hədiyyəsi göndərən sənətçi, bu addımı ilə qarşı tərəflə barışmasına bu cür münasibət bildirib:
"Ən yaxın görüşdüyüm həmkarlarım Aysun İsmayılova, Nəfəsdir. Şəbnəm deyir ki, mən sözə gedən insanam. Etiraf edirəm ki, bəli sözə gedənəm. Deyiləndə tez inanıram. Özüm heç zaman yalandan danışmadığım üçün kimsə mənə hansısa sözü deyəndə düşünürəm ki, yəqin ki, düz olduğu üçün bunu mənə söyləyir.
İnsan özü necədirsə, qarşısındakını da elə bilir və elə görür. Şəbnəmlə aramı vuran insanlar vardı. Əslində yaşda Şəbnəmdən kiçik də olsam, amma ona qarşı atdığım addımım ilə böyüklük etdim. Nə yaxşı ki, bu addımı atdım. Peşman da deyiləm", - deyə Vəfa söyləyib.
Qeyd edək ki, Vəfa Şərifova illər əvvəl Şəbnəm Tovuzlu ilə böyük qalmaqal yaşayıb. İki xanım sənətçi arasındakı qalmaqala səbəb adı mətbuatda hallanan Famil Xəlilov adlı iş adamıdır.
Belə ki, Famil illər öncə Ş.Tovuzlu ilə vətəndaş nikahında yaşayıb və sonradan münasibətləri gərginləşdiyindən onlar ayrılıblar.
Bir müddət sonra isə Famil Ş.Tovuzlunun həmkarı Vəfa Şərifova ilə münasibətə başlayıb və onunla ailə həyatı qurub. Bir neçə ay əvvəl isə cütlüyün bu nikahından oğlu dünyaya gəlib. Vəfanın Məryəm adında bir qızı da var.