"Zaurla Günaydın" səhər şousunun aparıcıları Zaur və Günay Baxşəliyevlər Əməkdar artist Aybəniz Haşımovanın evinə yollanıblar.
AZİNFORM.AZ xəbər verir ki, məşhur aparıcılar ilk dəfə sənətkarın dəbdəbəli evində çəkiliş ediblər.
Televiziya ulduzlarını şəhərin mərkəzindəki mənzilində qonaq edən Haşımova onların gəlişi üçün quymaq bişirib. Zaur Əməkdar artistin bişirdiyi quymağın dadını bu cür şərh edib: "Səhrada adam susuzluqdan yanar. Bir qurtum su düşər boğazına və rahatlayarsan. Eyni ilə bu quymağı dadanda bunları hiss etdim".
A.Haşımova bildirib ki, Zaur bacısı, Əməkdar artist Şahnaz Haşımovanın həyat yoldaşına qan verib: "Zaur zəng vurdu ki, hardasınız? Dedim ki, bacım Şahnaz xanımın həyat yoldaşına qan axtarırıq. Ona təcili qan lazımdır. Zaur bizdən xəbərsiz, gəlib xəstəxanaya qan verib.
Oradan da çıxıb, gəldi yanımıza. Gördüm ki, rəngi ağarıb. Dedim ki, Zaur, sənə şirin çay verim? Bilmirəm ki, nə baş verib. Amma Zaur bizə heç nə demədi. Sonradan tibb bacısı gəlib söylədi ki, Zaur Baxşəliyev aşağıda qan verib.
O qədər mənə təsir elədi və pis oldum. Şahnaz xanıma dedim ki, nəvən olsa, adını Zaur qoy. Elə də oldu, o, nəvəsinə Zaur adını qoydu. Evimin qapısı hər zaman sizin üzünüzə açıqdır".