Meyxanaçı Namiq Qaraçuxurlu MTV Azərbaycan kanalında yayımlanan "Səhərin səsi" verilişində Rəşad Dağlıdan danışıb.
AZİNFORM.AZ xəbər verir ki, Namiq Qaraçuxurlu qətl törətmiş həmkarı haqqında bu sözləri deyib:
"Ucundan-qulağından bəzi şeylər eşitmişəm. Elə adamam ki, sözümə hörmət edirəm. Ona görə də bilmədiyim hadisə haqda danışmaq istəmirəm. Təbii ki, bu xəbər hamımızı sarsıtdı. Dünən dostumun oğlunun ad günündə idim, özümü yaxşı hiss etmirdim.
Rəşad yaxşı sənətkardır. Onunla son vaxtlar daha yaxın olmuşduq, 10-15 gündən bir danışırdıq, yazışırdıq ki, görüşək. Son söhbətimizdə isə noyabrın 12-13-dən sonra görüşməyi planlaşdırdıq, amma qismət olmadı.
Qarşı tərəfin yaxınlarına səbr diləyirəm. Onu Ələkbər Yasamallıının bibisi oğlu kimi tanıyıram. Rəşadla bağlı keçmişdəki kimi danışmaq istəmirəm. Elə yazırlar ki, sanki bitdi. Rəşadın özü və sənəti hər zaman yaşayacaq. Bəzi məsələlərə pozitiv yanaşmaq olar.
Düşünürəm ki, Rəşadın günahsız olduğu üzə çıxar, tezliklə azadlığa qovuşar. Ümid sonda ölür, düşünürəm ki, Rəşad orada da yazacaq, sənət xiridarlarını söz baxımından ac qoymayacaq. Rəşad elə bir adamdır ki, onun görəcəyi işlər qarşıdadır. O davam edəcək, Allah qapısını açsın”.
Namiq Qaraçuxulu daha sonra həmkarı ilə fotosunu İnstaqramda paylaşaraq "İnşallah tezliklə azadlığa çıxasan, ailənin, bütün sevənlərinin yanında olasan",-deyə vurğulayıb.
Qeyd edək ki, Rəşad Dağlı İsgəndər Mehdiyev adlı şəxsi 6 bıçaq zərbəsi ilə qətlə yetirib və özü hüquq-mühafizə orqanlarına təslim olub. /teleqraf.com/