“Təklik bir yaşa qədərdir, insana qulaq yoldaşı, dərd ortağı lazımdır...”
15-10-2022, 01:30

“Deyirdilər ki, ailən gətirmədi, övladın olmadı, get özünə ailə həyatı qur, amma...”

“Həyatda necəsənsə, efir qarşısında da, insanlar üçün də elə görünməlisən. Müğənni var ki, özünü elə aparır elə bir dünyanı bu yaradıb. Amma heç keçmişindən xəbəri yoxdur. Tamaşaçılar məni səmimi qarşılayıb, kamera qarşısında da, həyatda da beləyəm. Kimin üçün oynayım, rola girməliyəm ki? Buna ehtiyac görmürəm! Mən axı aktrisa deyiləm, müğənniyəm”.

AZİNFORM.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O daha sonra əlavə edib.

“2-ci sinifdə oxuyanda anam məni kamança alətinə qoymuşdu, sevməmişəm, sonra qarmona getmişəm. Kimsə 40 yaşından gəlib oxuyur, mən isə 15 yaşımdan, 8-ci sinifdə oxuyandan toylara gedirəm. Heç bilməmişəm ki, illər nə vaxt keçir? Bir də ayıldım ki, gənclik illərim keçib gedib. Mənə elə gəlir ki, nə uşaqlıq yaşamışam, nə də gənclik. Musiqiçilər, sənət adamları bu sənətlə yaşayırlar. Musiqi səsi gələndə, səhnəyə çıxanda bütün problemləri bir anlıq da olsa unudursan. Bəlkə bizi gənc saxlayan da odur. Deyirdilər ki, ailən gətirmədi, övladın olmadı, get özünə ailə qur, amma mən heç onları fikirləşməmişəm, fikrim-zikrim yalnız sənət olub. Hər gün toylar olub, heç vaxtım da olmayıb ki, özümü düşünüm” deyə sənətçi bildirib.

Müğənni indiki gəncliyi bəyənmədiyini bildirib.

“Bizim vaxtımızda heç nə indiki kimi deyildi. Abır-həya var idi. Çox avropalaşmaq da bir şey deyil. Şəxsən mənə bu lazım deyil. Müəllimləri, özümüzdən böyük şəxsləri görəndə salam verib, keçirdik. İndi məktəbdə dava gedir, müəllim uşaq vurur, bəzən də müəllim özünü apara bilmir, uşaq onu vurur. Həqiqətən də bizim zəmanə deyil. Telefon çıxandan sonra böyük bir nəsil korlandı” deyə müğənni bildirib.

Mənzurə Musayeva şəxsi həyatından da danışıb.

“Bəzən deyirdilər ki, “yaxşı ki, heç övladın olmayıb, övladı olanlar görürsən analarının başına nə oyun açırlar?”. Amma mən hər zaman demişəm ki, baxır o kimin övladıdır. Hər şey, tərbiyyə də insanın özündən asılıdır. Ailə mütləqdir, olmalıdır. Adam nə qədər tək olar? Bu bəzən bezdirici olur. Adamın bir dərdləşməli insanı, qulaq yoldaşı olmalıdır. Subaylıq bir yaşa qədərdir, sonra bezirsən” deyə Mənzurə Musayeva bildirib.







up